butun-muselmanlara-cagiris-uAH

Hər dövlətin, hər cəmiyyətin, hətta hər ailənin belə, demək olar ki, özünəməxsus adətləri var.

Hər dövlətin, hər cəmiyyətin, hətta hər ailənin belə, demək olar ki, özünəməxsus adətləri var. Bir yerdə çox gözəl qarşılanan adət, başqa ölkədə təhqiramiz qəbul edilə bilər. Məsələn, bizim ölkədə birinə gül vermək, yaxud da qonaq gedərkən buket aparmaq xoş adətdir, ancaq Çində bir evə qonaq getdikdə gül aparmaq olmaz. Bu o demək olar ki, sənin evin o qədər pisdir ki, mən özümlə bəzək gətirirəm. Bu misalların sayını istədiyimiz qədər çoxalda bilərik. Ancaq bəs insan doğrunun və səhvin nə olduğu haradan bilməlidir? Hansı mənbəyə əsaslanaraq hərəkət etməliyik?

Bir çox insanın etdiyi yanlışlardan biri gördükləri və eşitdikləri şeylərə kor-koranə inanmalarıdır. Bildiyimiz kimi, buna “sürü psixologiyası” da deyirlər. İnsanlar böyüdükcə gördükləri adət və ənənələrə uyğun davranmağa başlayırlar. Bir çox insan isə bu davranışlarını sorğulamır. “Əgər ailəm belə düşünürsə, əgər qohumlarım belə davranırsa, əgər cəmiyyətdə hər kəs belə davranırsa, mən də belə davranıram, burada nə var ki” deyən insanların sayı, təəssüf ki, kifayət qədər çoxdur.

Halbuki Allah hər insana ağıl və vicdan verib. İnsanı digər canılardan fərqləndirən ən başlıca xüsusiyyət də məhz budur: düşünmək və vicdanla hərəkət edə bilmək. İstər bir insan müsəlman olsun, istər xristian olsun, istər qütblərdə yaşasın, istər meşədə, istər oxumuş olsun, istərsə də savadsız … Hər insanın ətrafı, yaşadıqları, oxuduqları əsasında fərqli həyat tərzi və dünyagörüşü formalaşmış ola bilər. Ancaq dünyadakı bütün insanların vicdanı var və Allah hər hadisədə insana vicdanı vasitəsilə doğru yolun nə olduğunu hər zaman bildirir. Vicdan insana hər zaman ədalətli olmağı, gözəl əxlaq göstərməyi, təvazökar davranmağı, insanların haqqını yeməməyi, gözəl söz söyləməyi, səmimi, dürüst olmağı bildirir. Bir mühüm həqiqət də var ki, vicdan insanı əsla buraxmır, çünki bizim iradəmizdən kənar gücdür vicdan. İnsan nə etsə də, ölənə qədər vicdan onunla birlikdədir və insana son nəfəsinə qədər doğruları Allahın izni ilə ilham edir.

Buna qəti inandıqları halda (vicdanları qəbul etdiyi halda), haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu! (Nəml surəsi, 14)

Yuxarıda bildirdiyimiz kimi, dünyada bir-birindən tamamilə fərqli adət-ənənələr mövcuddur. Bunlardan başqa, ətrafımızda da bizdən necə davranacağımızı istəyən fərqli insanlar var. Həm o insanlara görə, həm də dünyadakı adət-ənənələrə görə davranmaq insan üçün çox çətindir. Bir insan hər nə qədər cəhd etsə və maddi imkanlara sahib olsa da, nəinki dünyanı, heç ətrafındakı bir neçə insanı da razı sala bilməz.

Ancaq bizi Allah yaradıb, axirətdə tək hesab verəcəyimiz və tək razı salacağımız varlıq da Allahdır. Ən və tək doğrular da Allahın bildirdiyi əxlaqdır. Bizi yaradan Allah bizim necə davranarsaq, xoşbəxt olacağımızı da bilir. Bizim digər yol göstəricimiz də Allahın son endirdiyi haqq kitab olan Qurandır. Allahın bizə doğrunu yanlışdan ayıran Quran endirməsi Onun lüftüdur. Allah insanlara Quran vasitəsilə hər mövzuda ağlımızdan keçən hər sualın cavabını bildirmişdir.

Qoy elm verilən kəslər, bu (Kitabın) Rəbbin tərəfindən (göndərilmiş) həqiqət olduğunu bilsinlər ki, ona inansınlar və qəlbləri ona bağlansın. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər. (Həcc surəsi, 54)

Beləliklə, Allahın bizə verdiyi ağılla doğruları tapaq. Heç düşünmədən, araşdırmadan, gördüyünü kor-koranə qəbul etmək və həyatına tətbiq etmək ağıl sahibi insana yaraşmaz. İnsan doğruları vicdanən bilir, Allah Quran vasitəsilə də bizə bu doğruları hərtərəfli açıqlamışdır. Bir də ki insan vicdanına zidd davrananda əsla ruhu rahatlıq tapmır. Odur ki, daxilimizdən gələn səsi, vicdanımızı hər zaman dinləyək və ona uyğun davranaq.

Firuzə Həsənzadə