AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Şəfa Vəli ATEV.AZ saytının Gəncədəki təmsilçisi olmaqla yanaşı, eyni zamanda bir yazar və şairə kimi çağdaş Azərbaycan ədəbiyyatında əbədi gəncliyin ən çox fəal olan ədiblərdən biridir. Onun yaradıcılığının mahiyyəti çağdaş həyat şərtlərimizin dinamikliyini öz ruhunun ləngəri üzərində biçimlənmiş ədəbi düşüncələrinin palitrası deməkdir. Çağdaş ədəbi prosesdə bu üslubda yazan qələm sahibini bəlkə də barmaqla örnək olaraq göstərmək mümkündür. Ancaq, bütün bunlar bir gerçəklikdir. Demək olar ki, Şəfa Vəli hər halında sanki özünü, daha dəqiq desək elə bil öz avtobiqrafiyasını yazır. Bir sıra ünlü rəssamların yaradıcılıq uğurlarının sirri də bundadır. Çünki, əksər yaradıcı insanlar nədən və necə yazmalarından asılı olmayaraq, haradasa yazıb yaratdıqlarını daha çox avtoportret üslubunda tamamlayırlar. Çünki, insan sözü ruhuna, ruhunu sözə çevirəndə əsil sənəti, poetik duyumlarının zərifliyini bədii məzmuna çevirə bilir. Yapon şairi İsikava Takubokunu, italyan kino rejissoru Federiko Fellinini, özbək şairi Rauf Pərfini, Güney Azərbaycanın böyük şairəsi Mərziyə Üskülü Dalğanı, balkar yazarı Yuroslan Bolatı,
Anadoludan Fazil Hüsnü Dağlarcanı, böyük bəstəçi Friderik Şopeni, gəncəli heykəltaraş Fazil Nəcəfi böyük sənət yollarına aparan onların yaradıcılığının avtobioqrafik xarakter daşımasıdır. Bəzən Şəfa Vəlinin şeirlərini oxuduqda qəlbimiz belə üşüyür. Ona görə yox ki, həmin şeirdə donuqluq var. Əsla belə deyil. Düşüncələrimizin gözlərimizə hopduğu anların duyğusunun bəlirsiz biçimdə yenidən içimizə dönməsi gerçəkdən ruhumuzun hərəkətidir. Şəfa Vəlinin şeirlərində, hətta misralarında bütün bunları zərif bir biçimdə duymaq mümkündür. Yetər ki, yazdıqlarına birbaşa onun gözü ilə, nəfəsi ilə, duyğuları ilə baxa biləsən. Duyduqca içindəki sızıltıların necə pıçıltıya çevrilməsinin tablosunu görə biləsən. İçindəki anımların dəyərinin fərqində olmağı bacara biləsən. Şəfa Vəli bax beləcə bir şair-yazar taleyini yaşayır. Hətta kimsədən ummadan, taleyin dolanbaclarını ədəbi düşüncələrinin səssizcə pıçıltısına çevirərək möhtəşəm şeirlərin və hekayələrin, bəzən də reportajların imzasını bəlirləməyi bacarasan. Onun yazılarının ezackarlığının dəyəri də bundadır.
“Apardı sellər Saranı”
Bir gün qapın döyüləcək,
Sənə bir söz deyiləcək.
Ruhun yaman üşüyəcək…
“Apardı sellər Saranı”…
Hardan düşdü yada? Hardan?
Axı unutmuşdun çoxdan…
Günahkarı ölən sevdan
Qınadı ellər Saranı…
Qorumağa söz vermişdin…
Elin dilindən demişdin…
Təkcə özün bilməmişdin,
Söylədi dillər Saranı…
Yatdın, Xançoban, yatdın…
Ömrü ucuzuna satdın…
İllərin o üzünə atdın…
Atmadı illər Saranı…
Demə ki, ürəyi daşdı,
Dərd çağladı, aşdı-daşdı…
Bəxtin kirinə bulaşdı
Yumadı sellər Saranı…
Bir gün qapın döyüləcək,
Sənə bir söz deyiləcək.
Ruhun yaman üşüyəcək…
“Apardı sellər Saranı”…
Dostum… küsə bilərsən
Dostum… küsə bilərsən
Yenə ikinci oldun…
Getdi bütün sevgilər…
Mənsə seyrçi oldum…
Sənə “bağışla” demək
Günahım sayılacaq…
Dodağım büküləcək…
Gözlərim qıyılacaq…
Bu qız sənə tanışdı…
Darıxar özü üçün…
Gəl, bir şeir danışım…
Elə-belə… söz üçün…
Küssək də hər axşamdan
Bu günlə barışmışıq…
Bir də… soruşmasan da
“O”nunla ayrılmışıq…
Adını deyib gəlmişəm
Bir qədəh sevinc icmişəm
sağlığına… sağlığına…
Utanmayıb oynamışam
yoxluğuna… yoxluğuna…
Adını deyib gəlmişəm,
düşmüşəm yolun ağına…
Adımı yaza bilmişəm
çəkdiyin həsrət dağına…
Bağışla… Ömrüm günahdı…
Batırma eşqi günaha…
Dilimdəki bu son “ah”dı…
Badədir, sağlığına…
Hərdən yuxum sürgün olur
Hərdən yuxum sürgün olur,
Üz tutur sənin qoynuna.
Gah da qəfil yolu düşür,
“Səninlə mənim toyuma”.
Yeyir, içir, sağlıq deyir,
Utanmayıb oynayır da.
Hamını özütək bilir,
“Sən”li, “mən”li bu dünyada.
Eh…bezdirir çoxunu,
Arzumu gizləməliyəm.
İnsaf et, qaytar yuxumu,
Səhər işə getməliyəm.
Adsız şeirlər
Dərdi yanına sal gətir,
Yeni görüşə gələndə…
Özünə eynək al gətir…
Böyütsün məni gözündə…
Bəxtimin kiçik qızıyam…
Falçı deyib gəlişini…
Qəlbində ağrı, sızıyam,
Qoru üzdə gülüşünü…
Mənə “Qırmızıpapaq” al,
Öz içimdədi canavar…
Nağıl dünyandaca qal…
Ölsəm bundan sənə nə var?
****
Unutmuşdum…Bu görüşdə
Sevgini gətirmə, yaxşı?
Nolsun söylənirik dərddən,
Nə sən aşıq, nə mən baxşı…
İkimiz də uduzmuşuq…
Sən sevgini…Mən də səni…
Arsızmışıq…Huşsuzmuşuq…
Görüşə səslədim səni?
Ehh…Qırmızı şal gətir,
Tamamlansın bəzəyim də…
Özünə eynək al gətir…
Böyütsün məni gözündə…
***
Unutduğun bu çiçəyin ətrinə,
Sözlərinin zəhrini də qatmışam…
Ayrılığın yaman dəyib xətrimə,
Qırılmışam…Ümidimi atmışam…
Arzunu göndərib dağ bulağına,
Qəmbəri asmışam ürək yerindən…
Düşüb sənli ömrün qəm sorağına,
Dedim bir bayatı çəkək yerində…
Çağırın imdada Qaracaoğlanı,
Diriltsin sazıyla ümidlərimi…
Gəlsin bu taleyin oyun pozanı,
Gətirsin özüylə istədiyimi…
Yuxum
Hərdən yuxum sürgün olur,
Üz tutur sənin qoynuna.
Gah da qəfil yolu düşür,
“Səninlə mənim toyuma”.
Yeyir, içir, sağlıq deyir,
Utanmayıb oynayır da.
Hamını özütək bilir,
“Sən”li, “mən”li bu dünyada.
Eh…bezdirir çoxunu,
Arzumu gizləməliyəm.
İnsaf et, qaytar yuxumu,
Səhər işə getməliyəm.