SƏNİN GÖZLƏRİNİN YAŞINA QURBAN!
Bu dəyərli dostum, istedadlı şairə bacım Sevda Mikayılovanın mənsur şeirinə cavab idi.
Qara bulud kimi dolmuş gözlərin,
Qəlbləri teyləyir dərdli sözlərin,
Dağlama bağrını, bacım, bizlərin,
Sənin gözlərinin yaşına qurban!
Mələklər ağlayır, səma daralır,
Baxış pərdələnir, aləm qaralır,
Axdıqca göz yaşın ömrüm saralır,
Sənin gözlərinin yaşına qurban!
Bir həsrət, bir ağrı yandırır canı,
Ayrılıq sazağı dondurur qanı,
Hanı doğma yurdum, ocağım hanı,
Sənin gözlərinin yaşına qurban!
Kimə qismət oldu bağların barı,
Görən əriyibmi dağların qarı,
Gedə bilməyirik vətənə sarı,
Sənin gözlərinin yaşına qurban!
Necə dəf edəsən dərdi, azarı,
Sala bilməyirik kəndə güzarı,
Neçə doğmaların orda məzarı,
Sənin gözlərinin yaşına qurban!
Yolları ot basmış, evlər dağılmış,
Baxdıqca gözlərə qəhər sağılmış,
Bu nə cəsarətmiş, bu nə ağılmış,
Sənin gözlərinin yaşına qurban!
Vətənin nisgilli yükü ağırdı,
Bu yükü çəkməkdən ürək yağırdı,
Anam can verəndə “vətən ” çağırdı,
Sənin gözlərinin yaşına qurban!
Durub da düzəlib yolun ağına,
Gedib döşənəsən əl- ayağına,
Dönəsən vətənin qurbanlığına,
Sənin gözlərinin yaşına qurban!
22. 03. 2016
BAHAR GƏLİR
Köynəyini bulud sıxır,
Nur ələnir, yağış yağır.
Dünya, aləm yola baxır,
Qucaq açır, bahar gəlir.
Çox tələsir, əsir külək,
Damda, daşda çalır tütək,
Qanad açıb uçur mələk,
Yollar açır, bahar gəlir.
Təbəssümlə günəş gülür,
Hərarətdən sazaq ölür,
Sübh açılır, dan sökülür,
İşıq saçır, bahar gəlir.
Yer, torpağın köksü qızır,
Su canına hopur, sızır ,
Toxum şumda yuva qazır,
Buta açır, bahar gəlir.
21. 03. 2016
SANCAYDIM BAYRAĞIMI. . .
Bir quş olub uçaydım, gedəydim öz kəndimə,
Həsrətin göz yaşını səpəydim öz kəndimə.
Gəzəydim ovlaqların, görəydim bərələrin,
Ovuc – ovuc suyundan içəydim dərələrin.
Öpəydim bənövşəni, qoxlayaydım yarpızı,
Orda qarşılayaydım baharı, güllü yazı.
Külək olub əsəydim təpələri boyunca,
Çəkəydim havasını ciyərimə, doyunca.
Yamanca darıxmışam ormanlar, meşə üçün,
Qəlbim başı göynəyir hər tala, guşə üçün.
Novruzla qucaqlayıb, sevib uca boyunu,
Palıdın kölgəsində quraydım dəf, toyunu.
Çıxaydım addım – addım Kəpəzin zirvəsinə,
Səs verəydim qartalın qıy vuran nərəsinə.
Azad olmuş görəydim hər yanı, hər tərəfi,
Sancaydım bayrağımı, qaytaraydım şərəfi!
20. 03. 2016