BEHCƏTABAD XATİRƏSİ
Ulduz sayaraq gözləmişəm hər gecə yarı,
Gec gəlmədədir yar, yenə olmuş gecə yarı.
Gözlər asılı, yox nə qaraltı, nə də bir səs,
Batmış qulağım, gör nə döşürməkdədi darı.
Bir quş: “Ayığam!”- söyləyərək, gahdan
QARANLIQ GECƏLƏR
Aman Allah, yənə şeytan gəlib iman apara,
Qoruyun, qoymuyun imanuzu şeytan apara.
Mənim insanlığımın gör nə hasan yavadır,
Ki günüz quli-biyaban gəlir insan apara.
Çörək almış əlinə, ac necə taqət gətisin?
Elə bil yaz gecəsi qız gəlib oğlan apara.
Qanlı dırnaqlarılan ingilis əl qatdı bizə,
Baxısan ras da Arazdan keçir İran apara.
Qəm aşıb-daşdı daha, xəlqilə şuxluq eləməz,
Sel gərək el dağıda, ev yıxa, eyvan apara.
Xərməni saqqıza verdik, nə yaman çərçidi bu?
Hey gəlir kəndə, bizə dərd verə, dərman apara.
Bu qaranlıq gecələrdə qapımız pis döyülür,
Nə bilim, bəlkə əcəldir, dayanıb can apara.
Anama söyləyin: oğlu yıxılıb səngərdə,
“Tellərin bas yarama, qoyma məni qan apara”.
Aradan bir də bizi bölsələr ərbablarımız,
Qorxuram qoymıyalar Təbrizi Tehran apara.
Qara tufan ki, dəxi xəlqə şuluxluq eləməz,
Sel gərək el dağıda, ev yıxa, eyvan apara.
Səliqəli oğru vilayətdə çoxalmış olsa,
Şəhriyardan da gərək bir dolu divan apara.
BAYATILAR
Xəzan gəldi, gül apardı,
Bir şeyda bülbül apardı,
Yanmışdım mən, kül olmuşdum,
Yel də gəldi kül apardı.
Üzdüm əl bir nazlı yardan,
Gözəl üzlü gülüzardan.
Sevgilimtək bir cəvahir
Bir də doğmaz ruzigardan.
Yar hər yerə mənnən getdi,
Əcəl gəlcək onnan getdi.
Dayan, gəlim yola salım,
Xoş günüm də sənnən getdi.
Elim getdi, ölüm qaldı,
Alovlandım, kulüm qaldı.
Uçurdu bülbülüm bağdan,
Deyəydi bir gülüm qaldı.
Üzüyüm qaşsız qaldı,
Çəmənim quşsuz qaldı,
Ay aman, İqbal getdi,
Təbrizim başsız qaldı.
Yarı kaş görmiyəydim,
Vəsli xoş görmiyəydim,
Öləydim yardan qabaq,
Yerin boş görmiyəydim.
Şah Əlinin al quşuydu,
Hakimlərin tay-tuşuydu,
İncəsənət toy tutanda
Toybəyinin sağduşuydu.
Eylə səs, eylə münacat,
Eylə təsxiri-səmavat,
Eylə tovfiq, eylə dövran,
Bir də heyhat, bir də heyhat…
Ürəyimin həmdəmiydin,
Hər sirrimin məhrəmiydin,
Özün yara almamışkən
Hər yaranın məlhəmiydin.
Navarın kisin tutduq,
İqbalın səsin tutduq,
Navarda toy tutmamış
İqbalın yasın tutduq.
Yükümü çatdım mən də,
Qoy gedim itim mən də,
İqbaltək atam ölüb,
Qalmışam yetim mən də.
Gül budağım dolmıyaydı,
Dolurdu da solmıyaydı,
Ya bən-adəm ölmiyəydi,
Ya təkindən olmıyaydı.
Sənlə getdi xoş həyatım,
Altmış iliik xatiratım.
Sanki ağzımda dad öldü,
Zəhr olub qəndim-nabatım.
Baxdım qələm qaşına,
Yazdım qəbir daşına:
Səndən sonra kül olsun
Bu dünyanın başına.
NECƏ KEÇDİ ÖMRÜN
Bir uşaqlıqda xoş oldum, o da yer-göy qaçaraq,
Quş kimi dağlar uçub, yel kimi bağlar keçdi.
Sonra birdən qatar altında qalıb, üstümdən
Deyə bilməm nə qədər sel kimi dağlar keçdi.
Ürəyimdən xəbər alsan necə keçdi ömrüm,
Göz yaşımla yazacaq: mən günüm ağlar keçdi.
YATA BİLMƏYİRƏM
Bu gecə mən ki, yata bilməyirəm,
Başı başlara qata bilməyirəm.
Yuxusuzluq məni qatlaşdırdı,
Mən bu namərdə bata bilməyirəm.
Oğru qaldırdı qazan-qablamanı,
Kim əl atsın hacata, bilməyirəm.
Oğrunun kim yetişib ombasına
Zıxlaya bir zopa, ta bilməyirəm.
Aylıq aldıq, kim verdik getdi,
Nə yeyək, ey vay, ata, bilməyirəm.
Dədəmiz yox, kimə çəkmək baratı,
Kimi salmaq barata, bilməyirəm.
Cibdə qalmışsa da bir beş manatım,
Nə alım beş manata, bilməyirəm.
Dəli şeytan da deyir yorğanı sat,
Qışdı, yorğandı, sata bilməyirəm.
Qar deyir, gəl, kişisən, pambıq ataq,
Kişi, mən pambıq ata bilməyirəm.
Hey gəlib məndən alırlar şətəli,
Kim salıb mazı mata bilməyirəm.
Zindəganlıq xorata bir şey olub,
Nəyə lazım xorata, bilməyirəm.
Bir sümükdür ki, boğazlarda qalıb
Kim ata, ya kim uta, bilməyirəm.
Qar-yağışda bu nə qondum-köçdüm,
Niyə düşdük bu ota, bilməyirəm.
Bu kitablar azı bir at yüküdür,
Bunu kim çatsın ata, bilməyirəm.
Hey soyuqdan quruyub bəy dururam,
Kimdi yengə-muşata, bilməyirəm.
Əl ki, tutmur yazam, əl tapmaqda
Qələmə, ya davata, bilməyirəm.
Gecəmiz sübh olacaq, ya hələ var,
Baxıram hey saata bilməyirəm.
Quş uçar, amma nə dərman eləmək
Daş dəyən qol-qanata, bilməyirəm.
Ay qadaşlar, mənə bir əl yetirin,
Yüküm ağırdı, çata bilməyirəm.
Təbi-şerim dayanıb soncuq atır,
Mən də ki, soncuq ata bilməyirəm.