Esmira

Toy-büsatın qurulsun,
Xonçaların tutulsun,
Ocaqların çatılsın,
Sönməsin Azərbaycan!

Saç yolmasın analar,
Dul qalmasın sonalar,
Günahsız gül balalar
Ölməsin Azərbaycan!

Gül bitsin gül bağında,
Tonqal yansın dağında.
Düşmənlər torpağında
Gəzməsin Azərbaycan!

Köçməsin ağır ellər,
Yas tutmasın könüllər.
Getsin o qara günlər
Gəlməsin Azərbaycan!

Xoş gəlsin sabahların,
Gur yansın çıraqların.
Ucalan bayraqların
Enməsin Azərbaycan!