ORA TORPAQ DEYİL, ORA VƏTƏNDİ!
Bir ata əlləri yeri əkibsə,
Daş üstə daş qoyub ocaq tikibsə,
Gecəli, gündüzlü keşik çəkibsə,
Ora torpaq deyil, ora vətəndi!
Bir ana əlləri təndir yapıbsa,
Ətiri könülə, qəlbə hopubsa,
Çırpınan bir ürək dinclik tapıbsa,
Ora torpaq deyil, ora vətəndi!
O yersiz bu cahan gözündə darsa,
Gecələr yuxunda, röyanda varsa,
Əbədi sevgiylə qəlbinə yarsa,
Ora torpaq deyil, ora vətəndi!
Ulular uyuyur bax o torpaqda,
Müqəddəs bir pirdi daş da, torpaq da,
Doğmadı otu da, quru yarpaq da,
Ora torpaq deyil, ora vətəndi!
Həsrətdən od tutub, alışıb canım,
Vüsala çatmaqçün tökərəm qanım,
Qutarsın xatirə, qutarsın anım,
Ora torpaq deyil, ora vətəndi!
09. 04. 2016