Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
Zaval yox şərəfə, namus, qeyrətə,
Hər insan əməklə çatar şöhrətə.
Oxucum, qapılma təccüb, heyrətə,
Kişi baş saxlamaz müftə yeməklə-
Ağız şirin olmaz, halva deməklə.
Insanın ömrünün bəzəyi, zəri,
Qabarlı əllərdir, həm alnın təri.
Atalar sözü var, dillər azbəri:-
“Daşdan da pul çıxar” polad biləklə-
Ağız şirin olmaz, halva deməklə.
Ürəyi təmiz ol, gözü, könlü tox,
Inan Yaradana, qəzəbindən qorx.
Yalanın, haramın, bil ki, sonu yox,
Havayı gələn şey, gedər küləklə-
Ağız şirin olmaz, halva deməklə.
Hamı Rəbbdən dilər tale, qismətin,
Qoruyar abırın, arın, ismətin.
Razı qal bəxtindən, ol cəsur, mətin,
Yaşanar hər ömür arzu, diləklə-
Ağız şirin olmaz, halva deməklə.
Inanma böhtana, şərə, yalana,
Çevrilmə bəxtindən qisas alana.
Gəl balta vurma sən, yerdə qalana,
Qazanma ruzini hiylə, kələklə-
Ağız şirin olmaz, halva deməklə.
Yolunu açıq tut Haqqa, dərgaha,
Tamah batırmasın səni günaha.
Heç olma səbəbkar naləyə, aha,
Istər yüz yaşda ol, istər iməklə-
Ağız şirin olmaz, halva deməklə.