10646868_273655359498567_6620189188081019440_n

Söz, nəğmə zinətdi toya-büsata,
Günəş nur çiləyir bu xoş həyata.
Sevinsin hər Ana, gülsün hər Ata,
Hamının evində toy-mağar olsun.
İki gəncin ömür-günü var olsun.

Gülən baxışlarda qəm görünməsin,
Ömrün yollarında çən görünməsin,
Gözlərdə intizar, nəm görünməsin,
Qəlblərdə nə qüssə, nə qubar olsun,
İki gəncin ömür-günü var olsun!

Güzəran xoş keçsin evdə-eşikdə,
Gəlin Ana olsun, dursun keşikdə.
Bir körpə sədası gözəl beşikdə,
Yayılsın hər yana, elə car olsun,
İki gəncin ömür-günü var olsun!

Nəşələr artdıqca toy tükənməsin,
Nəsil tükənməsin, soy tükənməsin,
Ruzisi Allahdan qoy tükənməsin,
Bağçasında bəhrə verən bar olsun,
İki gəncin ömür-günü var olsun!

Bəy mələkdi, gəlin ellər gözəli,
Ömür bağı qoy görməsin xəzəli.
Təmkin desin toyda şeiri, qəzəli,
Məclisində kaman olsun, tar olsun,
İki gəncin ömür-günü var olsun!