Aşıq qardaş, oxu el havasından,
Zilinin, bəminin həsrətindəyəm.
Könül tellərilə köklə sazını,
Çoxdan Dilqəminin həsrətindəyəm.
Sən sazlı-söhbətli el aşığısan,
Məclislər bəzəyi, yaraşığısan.
Çal, tellət titrəsin, əlinə qurban,
Yanıq Kərəminin həsrətindəyəm.
Şad eylə məclisi, qərq olma qəmə,
Od çıxsın mizrabı vuranda simə.
Saz-söhbət elminə naşısan demə,
Şəmkir aləminin həsrətindəyəm.
Oxu ürəkləri alışdır, yandır,
Nəslini danana nəslini qandır.
Nadanı sazdakı sehrə inandır,
Ələsgər elimin həsrətindəyəm.
O saz Dədə Qorqud nişanəsidir,
Yurdumun keçmişindən gələn səsidir.
Dinləyəndə qəlbim kövrəlir,əsir;
Çal ustad, mən sənin həsrətindəyəm.