mm

Könlümü dindirə bilməyən gecə,
Həsrəti qəlbimdən silməyən gecə,
Bircə ulduzuyla gülməyən gecə,
Təşnəyəm, bir içim ay işığı ver.

Yuxum zülmətinə qarışıb, itib,
Bəxtimin ulduzu sayrışıb, itib,
Bağrımın başında intizar bitib,
Təşnəyəm, bir içim ay işığı ver.

Pozulub fikrimin düzümü, neynim,
Qəlbimi yandıran sözümü neynim,
Yoxdur ürəyimin dözümü, neynim,
Təşnəyəm, bir içim ay işığı ver.

Könlüm pərvanədir, yarasa deyil,
Yad ocaq, yad işıq sorası deyil,
Məni qayğıların yorası deyil,
Təşnəyəm, bir içim ay işığı ver.

Aydınlıq sabaha ümid selidır,
İlham pərisinin nəğmə dilidir,
Bir yar soraqlıyam, könlüm dəlidir,
Təşnəyəm, bir içim ay işığı ver.

1984