mm

Ömrə-günə nə etibar,
Göz görəsi axıb gedir.
Bu dünyanın göy üzündən,
Şimşək kimi çaxıb gedir.

Yol yorğunu olub daha,
Bəxt əlinə verib yaxa,
Cangüdəni qaraçuxa,–
Bəd ayaqda çıxıb gedir.

Ömür köhlən, dünya cıdır.
Bu qovha-qov can acıdır,
Fələk cığal oyunçudur,
Qurduğunu yıxıb gedir.

İnsan qənimdir özünə,–
Ölüm görünmür gözünə,
Dünyanın soyuq üzünə,
Məsum-məsum baxıb gedir.