Nəşəm qəmdən aşağıdır,
Üzümdəki yaş, ağıdır.
Gözlərimdən yaş axıdır,
Yoxdur həyası- dərdimin.
Tükənməyir, yetmir sona,
Vərdiş edib, qəlbə qona.
Gündə girir dondan-dona,
Mindi boyası,-dərdimin.
Hay verən yoxdur səsimə,
Nə zilimə, nə pəsimə.
Necə qıyım özgəsinə,
Özüm geyəsi dərdimi?
Pəl qatır, xoş diləyimə,
Hopub qana, iliyimə.
Neştər olub ürəyimə
Batır tiyəsi dərdimin.
Könül sızlar, hər gün, hər ay,
Bir kimsədən gəlməz haray.
Ürəklərdə qurub saray,
Üzdə dəyəsi*- dərdimin.
Andıra qalmış birdimi?
Dərdim açılmaz sirdimi?
Mən belə dərd istəmirəm,
Gəlib aparsın dərdini,
Kimdi yiyəsi- DƏRDİMin!!!