Bu gün şəhid jurnalist, telereportiyor, Milli qəhrəman
Çingiz Mustafayevin anım günüdür.
Vətən aşiqiydi, el vurğunuydu,
Zirvəyə ucalan cığırdır Çingiz.
Sevgi buluduydu, sonsuz eşq ilə,
Bu yurdun köksünə yağırdı Çingiz.
Qorxdular Vətənə sədaqətindən,
“Şəhər uşağı”nın cəsarətindən,
Xalqın sevgisindən, məhəbbətindən,
Bütün təltiflərdən ağırdı Çingiz.
Güllə yağışında islandı hər gün,
Halal haqqımızı tanıtmaq üçün,
Bilirdi xoşluqla çözülməz düyün,
Nə yerə, nə göyə sığırdı Çingiz.
Saxlaya bilmirdi bəzən hirsini,
Qaçana verirdi qeyrət dərsini.
Yaşatdı qanında Qorqud irsini,
Milləti birliyə çağırdı Çingiz.
Çiynində kamera, qəlbində təpər,
Ən qaynar yerlərə oldu səfərbər,
Çəkdi tariximi, yazdı şah əsər,
Haqqımı dünyaya bağırdı Çingiz.
Gördü ki, çıxmasa bu yurda yiyə,
Ümidlər puç olub sovrular göyə,
Vətənin dərdinə məlhəmdir deyə,
Torpağı qanıyla yoğurdu Çingiz.
12.03.2014