rxd

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

Neyləyim ki, uzaqdayam, çox uzaq,
Əlim yetmir dağın zirvə qarına.
Şəhərdə yox sərin hava, meh, sazaq,
Tamarzıyam yaylaqların barına.

Yaşıl yala bulud sala kölgəsin,
Dalğalana nazlı-nazlı ot dəniz.
Dinləyəsən küləklərin nəğməsin,
Onda görən deyər sənə gülbəniz.

Dağ armudu aça sənə çətrini,
Dövrə vura samavarın tüstüsü.
Şiş-kababın ocaq yaya ətrini,
Otlar poza əyin-başın ütüsün.

Nuş edəsən hər cür nazı, neməti,
Ilham gələ ruhun, təbin köklənə.
Vəsf edəsən gördüyün hər hikməti,
Qələmindən dürr, incilər ələnə.

Qucaq dolu nərgiz, lalə, bənövşə,
Dövran dönə çiçək ola, gül ola.
Qada, bəla,qübar ondan gen düşə,
Evə dönə sevdasıyla qol-qola.