Qonşu olduq itlə, əldə
Çomaq saxlaya bilmədik.
Çatan gəlib od apardı,
Ocaq saxlaya bilmədik.
Nahaqla qaldıq üz-üzə,
İnanan olmadı düzə,
Yandırıb verdilər bizə
Çıraq, saxlaya bilmədik.
Bəxtimizə doğmadı gün,
Yollarımız düyün-düyün.
Ruhumuzu qisas üçün,
Oyaq saxlaya bilmədik.
Açdıq yurdun yarasını,
Tapammadıq çarasını,
Kiçiltdilər Qarasını,
Heç bağ saxlaya bilmədik.
Anlamadıq himi-cimi,
Aldatdılar naşı kimi,
Başımızda kişi kimi,
Papaq saxlaya bilmədik.
Tariximdir, sal sənəddir,
Varlığıma zəmanətdir,
Babalardan əmanətdir
Torpaq, saxlaya bilmədik.