Polad Sabirli

(Övladlarıma nəsihət)

Başınızı uca tutun balalar,
Vətənin içində, elin içində.
Hər sözdə, söhbətdə hikmət axtarın,
Arılar bal gəzər gülün içində.

Ruzi başınızdan axsın, gur olsun,
Bəxtiniz gül açsın, gözdə nur olsun.
Həyat yolunuza min uğur olsun,
Yaşayın həmişə ləlin içində.

Təmiz adınızla bizi qoruyun,
Qəlblərdə iz qoyun, izi qoruyun.
Nahaq danışmayın, düzü qoruyun,
Yoxsa boğularsız selin içində.

Eldə hörmət olmaz eli söyənə,
Yalan danışana, şər də deyənə.
Baltanı vurmayın hər əyilənə,
Batıb qalmayasız lilin içində.

Polad haqq işində bişdi savaşda,
Yerini tutubdur həmişə başda.
Mənim nəsihətim qalsın yaddaşda,
Köz də axtarmayın külün içində.

14.05.2014