Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
“Vətənimdir” – silsiləsindən
Qürurdur, iftixardır, bu günüm, həm dünənim,
Daş dövründən başlanır, vətən tarixim mənim.
Adın atəşdən alıb, “Odlar Yurdu” vətənim
Cahana sığışmayır, ünüm, şöhrətim, şanım,
Canım, doğma vətənim, Anam,-Azərbaycanım!
Qanlı cənglər, savaşlar, tüğyan edib başında,
Qılınc, nizə, ox yeri, qayasında, daşında.
Minlərlə şəhid, qazi, qanı var yaddaşında
Bayrağı üzərində, şəhidlik rəmzi – qanım,
Canım, doğma vətənim, Anam, – Azərbaycanım!
Sipəridir vüqarlı, başı qarlı dağları,
Dalğalı zəmiləri, tarlaları, bağları.
“Qara qızıl”, “Ağ qızıl”, tükənməz yataqları
Torpağıma, daşıma fədadır şirin canım,
Canım, doğma vətənim, Anam, -Azərbaycanım!
Bitməyir fitnələrin nə ardı, nə arası,
Kürəyində müxənnət, qılıncının yarası.
“Dağ çiçəyi, doğma süd”,yarasının çarası
Rəbbim! Yurdsuz olmasın, bir dəqiqəm, bir anım,
Canım, doğma vətənim, Anam, -Azərbaycanım!
Günəş doğdu üzünə, şəfəq saçdı iqbala,
Ulu Yurdum, şərəflə, qovuşdun istiqlala.
Üçrəngli bayrağınla, oldun alınmaz qala
Kürreyi- ərz üstündə, nur saçan parlaq danım,
Canım, doğma vətənim, Anam,- Azərbaycanım!
Bu təbi, bu ilhamı, Sən vermisən Dövrana,
Qələmini süngüyə, çevrib Səndən yana.
Hər məqamda, hər anda, bağlıdır qəlbdən Sana
Ey sevincim, fərəhim, xoş hissim, həyəcanım,
Canım, doğma vətənim, Anam, – Azərbaycanım!..