KÜSÜM
Bu küsün gəlməzdi mənim ağlıma,
Küsdün ki, dünyanın düzündən küsüm?
Sən məndən inciyib, küsü bağlama,
Mən sənin yerinə yüzündən küsüm.
Məni də küsüyə təhrik eyləmə,
Bu ağır suçuna şərik eyləmə,
Hər sözü əlində çəlik eyləmə,
Qoyma səhv saldığın izindən küsüm?
Bilirəm qəlbində saf niyyət yatır,
Küsü ovqatıma axı qəm qatır,
Mehrin istisini bir az da artır,
Əmr eylə, ocağın közündən küsüm.
Özünün suçunu yelə yozursan,
Bir damla göz suyun selə yozursan,
Olmayan işləri elə yozursan,
Vallah, az qalıram yozundan küsüm.
Yer olub canımsan, gözüm demişəm,
Nəzmimdə şah misram, sözüm demişəm,
Mən sənə sən deyil, özüm demişəm,
İndi mən dəliyəm, özümdən küsüm.
23.01.2017.
MƏN SƏNƏ BAXANDA…
Gözümdə gözünə giley yaratma,
Bu giley yaradar həsrət yarası.
Amandır, qəm verib, qanı qaraltma,
Bəxti də qaraldır qanın qarası.
Gözün hikmətini qavramır şüur,
Bəzən qəm, bəzən də sevinc əkirlər.
Elə kirpiklərin farağat durur,
Elə bil əsgəri xidmət keçirlər.
Yağdırma üstümə yağışlarını,
Yağışla bülbül də çəməndən qaçır.
Elə bil qovan var baxışlarını,
Mən ona baxıram, o, məndən qaçır.
Elə bax, məhv eylə gözümün dağın,
Dönsün məhəbbətə qınağın sənin.
Güləndə gül kimi açır yanağın,
Gül, elə gül qalsın yanağın sənin.
Əksimi gözündə əzizlə, sıxma,
Ürəyim tab etməz, üzülər axı.
Mən sənə baxanda, sən yerə baxma,
Salarsan əksimi əzilər axı.
25.01.2017.
GÖTÜR
Sən də qoruyursan, mən də əhdimi,
Nə olar başımı dizinə götür.
Çalış əyilməyə qoyma qəddimi,
Düzgün al canımı, düzünə götür.
Mən səni qoruyum, sən məni qoru,
Ağıldan qabağa çəkməyək zoru,
Qoyma israf olsun sevgimin nuru,
Onu üzdən salma, üzünə götür.
Heç vaxt haqq yolundan haqsız sapmıram,
Mən dağı ovuram, qaya çapmıram,
Çoxdan axtarıram, bir iş tapmıram,
Keşik çəkmək üçün nazına, götür.
Yaşaram, söyləsən yaşa dumanda,
Tərslik yaratmaram bir an imanda,
Barı mən də səndən vüsal umanda,
İki əlini də gözünə götür.
Fəqət sev Ülvini, edincə dəli,
İnsafla bölüşək gəl ömür ləli,
Mən yüz il yaşayım, sən iki əlli,
Hansını çox bilsən özünə götür.
09.02.2014.
MƏNİM
(Yarızarafat)
Demə, bu rastlsşma deyilmiş əbəs,
Həkk oldu adıma, sanıma mənim.
Ömrümdə bir dəfə görmədiyim kəs,
Çevrildi bir anda canıma mənim.
O, oldu pərvanə, mən döndüm şama,
Kaş birgə yetərdik arzuya, kama,
Hər qan düşməsə də qan qrupuma,
Bu can özü hopdu qanıma mənim.
Sanki xoş gəlirdi sözü günəşə,
Baxıb göz vururdu gözü, günəşə,
Bəlkə bənzədirdi üzün günəşə,
Nur səpsin sökülən danıma mənim.
Bu yoldan əl çəkməz daha inadım,
Kiminə qınandım, kimi qınadım,
Ələsgər babamtək sınıb qanadım,
Kaş ki, düşməyəydi yanıma mənim.
Ülviyəm, bu eşqlə açıram çiçək,
Belə sevənləri aylrmaz fələk,
Bir onu bilmirəm, nə söyləyəcək,
Dilim evimdəki xanıma mənim.
08.02.2017.