(oxunması bir az diqqət tələb edir)
Qarabağ yaşayır –
Toylardakı,
yeyib-içmək məclislərindəki
ütülü-sığallı
tostların qəlibində.
Qarabağ yaşayır –
Vətənə sadiqlik andı içən,
Şəhidlik badəsini şərbət kimi
birnəfəsə başına çəkən
kəslərin qəbirində.
Qarabağ yaşayır –
20 ildir
boynubükük halda oturub
amerikalıların,
fransızların,
rusların qəbulunda.
Qarabağ yaşayır –
İntiqam eşqiylə
bu gün də alışıb-yanan
keçmiş döyüşçü
dostların qəlbində.
Qarabağ yaşayır –
Xəritələrin şimalında,
atlasların şərqində,
kartaların cənubunda,
qlobusların qərbində.
Qarabağ yaşayır –
Günahkara:
çəkilən sığalların,
“qorxma”, “vur”ların;
Günahsıza:
silkilən barmaqların,
“dinmə”,
“sus”ların qəribində.
Qarabağ yaşayır –
Ali Baş Komandanın
Nə vaxtca – amma mütləq veriləcək
“Hoydu, dəlilərim, hoydu,
Yeriyin düşmən üstünə” əmrində…
Və bir də
mənfur düşmən,
namərd yağı üzərində
Sənin – Haqq oğlu haqqlarım,
Dürürüst oğlu
dürüstlərim – qələbəndə.
17 avqust 2014-cü il.