Qocalıram

Ömür ötür,mən yanıram,
Hədər günə odlanıram.
Dönüb geri boylanıram,
Həqiqətdə qocalıram.

İstəklərim daşdan keçib,
Yaxşısını yaman seçib.
Taleyimi güman biçib,
Həqiqətdə qocalıram.

Səpələnib ələnmişəm,
Qayğılara bələnmişəm.
Xoş gün nədir-bilməmişəm,
Həqiqətdə qocalıram.

Haray salıb səslənirəm,
Qəlbi kövrək küsən də mən.
Kölgə üstə əsən də mən,
İnanmıram qocalıram.

Yıxılana aman dedim,
Sıxılana “canım” dedim.
Sevənlərə canan dedim,
İnanmıram qocalıram.

Zaman ötür mən əliboş,
Görən deyir ay dili xoş.
Fani dünya ürəyi daş,
Cavan qalsın ürəyim, kaş,
İnanmıram qocalıram.

Olmadın

Əridim əllərin mənə dəyməmiş,
Yagdım yollarına sulu qar kimi.
Eşqin baxçasında qönçə çiçəkdin,
Qəlbdə gül tək açdın, gülüm, yar kimi.

Səndəki soyuqluq bezdirdi məni,
Əllərim əlinə toxunmadı heç.
Ürəyim illərlə gəzdirdi səni,
Üzündə mərhəmət oxunmadı heç.

Hər dəfə görəndə “siz” dedin mənə,
Niyə baxışların buz oldu niyə?
“Mən alov olanda sən buz olmadın”
Eşqimiz yanmamış köz oldu niyə.

Əbədi yanarmış hicranın odu,
Daha olan oldu keçən də keçdi.
Demə ki təzədən sevmək olarmış,
Daha qəlbən sevib, sevilmək gecdir.

“Sevgilim” demədim sənə bir kərə,
Sən layiq bilmədin məni sevməyə.
Ömrümə yarayan biri olmadın,
Cürətim çatmadı gülüm deməyə.

Əridim əllərin mənə dəyməmiş,
Yağdım yollarına sulu qar kimi.
Eşqin baxçasında qönçə çiçəkdin,
Qəlbdə gül tək açdın, gülüm yar kimi.

Dumyat (Misir)

Dünya sənə inanmıram
Allahım,yalan dünyanın,
Vaxtsız gələn qonağıyam.
Tale adlı bir romanın,
Açılmayan varağıyam
Dünya,sənə inanmıram.

Acıların sorağıyam
Heç səsimi duyan yoxdu.
Arzuların qanadında,
Saydığımı sayan yoxdur,
Dünya,sənə inanmıram.

Gözlərimde yaz yağışı,
Ürəyimdə çovğun,boran.
Qəm-kədərin darağıyam,
Ağrılarım salıb üsyan.
Bu dünyaya inanmıram.

Küsənlərə arxa-dayaq,
Ağlayana şərik oldum.
Üz döndərən yar əlindən,
Gül tək ləçək-ləçək soldum,
Dünya,sənə inanmıram.

Qədər üçün yaranmışam,
Ürəyimdən talanmışam,
Dərd alnıma yazılandan,
Tonqal kimi qalanmışam.
Dünya,sənə inanmıram.

Camnaqar (Hindistan) , 2010