Yazıq dilim heç nə deyə bilməyir,
Sən də üz-gözümdən duymursan məni.
Mənəm-mənəm demir, öyə bilməyir,
Aləmə car çəkib yaymırsan məni.
Nə yaxşı rast gəldin, çıxdın qarşıma,
Canım da fədadı can sirdaşıma.
Yalvara-yalvara dönüb başıma,
Heç kimə vermirsən, qıymırsan məni.
Sağ olsun yaşasın söz duyanlarım,
Məni düz anlayıb, düz duyanlarım.
Nə yaman çoxalıb göz qoyanlarım,
Mən də elə bildim saymırsan məni.
Poladam, dolandım, gəzdim dağ-dərə,
Bu boyda zəhməti gəl vurma yerə.
O çiçək üzündən çəkməyə şirə,
Yaman insafsızsan, qoymursan məni.
24.09.2015