Qovurdu qorğatək oynatdı yaman,
Həyat sıxa-sıxa yaşatdı məni.
Nə qədər can atdım vermədi aman,
Güldürə-güldürə ağlatdı məni.
Sevgidən dolanda gözümün yaşı,
Dəryanın üstündə şeh imiş sanki.
Tüstümdən alışdı bağrımın başı,
Üzümə toxunan meh imiş sanki.
Özgəyə oxşamaq həvəsi ilə,
Özümü itirib dönmədim yada.
Hər kəsə yaxşılıq müjdəsi ilə,
Əlimi uzadıb yetişdim dada.
Şərəflə yaşadım, ucaldı başım,
Əhdə dürüst oldum, sözümə düzgün.
Məni aldatmadı zənnim, yaddaşım,
Keçmişdən dərs aldım, gələcək üçün.
Varmı başa düşən, hanı bəs duyan?
Mən qayğı göstərdim, qayğı ummadım.
Üzüm ağ, başım dik, qəlbimdə iman,
Haqsızlığı görüb göz də yummadım.
Polad söhbət edir şeirin dilindən,
Mərhəmət umana qaşqabağım yox.
Əlhəzər laqeyid, bədxah əlindən,
Sevgidən savayı umacağım yox.
03.02.2015