1915291_748109358667106_2463672035380493579_n

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

Şəfa VƏLİ
(AYB və DGTYB üzvü)

Xeyr, mən Fərid Hüseyni şəxsən tanımıram! Onun şeirlərini oxumuşam, sadəcə. …qəribədir ki, bu an özümü İstanbuldaymışam kimi hiss edirəm. Özü də ən qəribəsi budur ki, mən Atatürk hava limanındakı kiçik masaya söykənib tünd qəhvə içə-içə iki qitəni birləşdirən körpünün üstündə Fərid Hüseynin necə ağır-ağır addımladığını görürəm… Sonra sahilə enir, balıqçı restoranı tapıb masanın kənarında əyləşir, üzünü qarşısındakı boşqaba tutub İstanbulla danışır, sanki başını yuxarı qaldırıb İstanbulun gözlərinin içinə baxmağa cəsarəti yoxdur:

Istanbul,
Yeddi təpəlik qaranlığın var,
Dənizlərin ümidgahıdı limanlar,
Sular sahilləri qoynuna alıb yatar.
Mənsə…
Durub o boyda
Yolu yora-yora
Sənin balığına limon sıxmağa gəlmişəm.

Bir axşam da küçələrin qaldırım daşlarında gözlərilə bəxtinin şəklini axtarır. Baxışları boşa çıxsa da ümidlərinin boşa çıxmasını istəmir:

İçdiyim qəhvələrdən falıma çıxan
Alagözlü qızı gözləyirəm dayanacaqda.

Fərid Hüseyn İstanbulun səssizliyini də yaşayır. Baxmayaraq ki, bunu kiminsə bacaracağına mən heç vaxt inanmazdım bu şeiri oxuyana qədər:

Boğaza getdim-sənsizlikdi,
Rakıya endim-sənsizlikdi,
Körpünü keçdim-sənsizlikdi,
Taksim sənsiz,
Qadın paltarları sənsiz,
Bazar sənsiz…
Balıq bazarında çağırmırlar,
Kitabçılar tanımır…
Şəklin yox, səsin yox,
Deməli,
Mən gəzməyə yox,
Səni axtarmağa gəlmişəm!

Hava limanında Bakıya gələn uçağa minərkən Fərid Hüseyn yenə İstanbula gələcəyini açılıb-yumulan barmaqlarıyla bu şəhərə vəd edir.
Mənsə, tünd qəhvəni sonunacan içə bilməyib fincanı masaya qoyuram. Gözlərimi yumuram və Fərid Hüseynin etirafını eşidirəm:

Soruşdum ki, xoşbəxtsənmi, İstanbul?
Dedin ki, “Sezeni dinləyəndən
Belə şey soruşmazlar”.

Gözlərimi açınca özümü netbukun qarşısında bu yazını oxuyarkən görürəm. Və Fərid Hüseynin şeirlərinə qoşulub Misirə, Londona, Moskvaya “getməyim” deyə bir fincan kəklikotu çayı üçün mətbəxə keçirəm.