Pozulubdur sığalları,
Sevməz daha nağılları,
Bu torpağın oğulları,
Dözümə düşmən kəsilib.
Basılıbdır sərhədlərim,
Haya gedib igidlərim,
Səbr verən öyüdlərim,
Özümə düşmən kəsilib.
Sevincim əsirmi qəmdə?
Bu millət qalmaz ələmdə.
Dərdimi yazmır qələm də,
Sözümə düşmən kəsilib.
Oyatmışam yaddaşı da,
Yanır bağrımın başı da,
Daha gözümün yaşı da,
Gözümə düşmən kəsilib.