This image has an empty alt attribute; its file name is 10291071_455253494660228_1338165152726257845_n-300x300.jpg

Azərbaycan Yazıçılar Birliyinin üzvüAzərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü

***

…Uşaq çağlarım acı xatirələrlə doludu.
Yaxşı xatırlayıram,
Hər gün damımızın üstündə
iki alabəzək sərçə ağız-ağıza durub
aclıq nəğməsi oxuyurdu sanki.
Nənəm də nağılını qurtaran kimi deyirdi ki,
indi göydən üç alma düşəcək.
Mən də, kölgəmlə göz-gözə dayanıb
Buludları güdürdüm alma düşəcək deyə.
…Böyüdüm havanı güdə-güdə.
Əvvəl atam düşdü ömür tağından,
Sonra anam vida etdi taleyə, Tanrıya və bizə.
Göydən alma düşmədi.
…Qəribəydi, kəndimizin qəbiristanlıqla qonşu evləri
nədənsə köhnə qəbirlər kimiydi;
Orda da səssizlikdi, burda da.
Amma o qəbirlərin üstünə alma düşürdü tez-tez.
O zaman mən, gah o almalara,
gah da o qəbirlərin üstünü saran havaya baxır,
nənəmin yalanlarına mat qalırdım açıq-aşkar.
Kim bilir, bəlkə də nənələrin o alma dedikləri
Atalardı, analardı… –
ömür adlı nağılları bitdikcə düşürdülər…
…Ey, xınalı qız!
Bahalı başdaşından boylanan acı xatirə!
Sən də inandırıcı yalan kimiydin,
Az oxlamadın sinəmi.
Yadımdadır, ilk məktəbə getdiyim gün
Anamın çitdən tikdiyi çantanı gülüş hədəfi etmişdin.
Sonra da rəfiqələrini başına yığıb
halıma acımışdın guya.
O gün anam, yazıq anam ağladığımı duyub
məndən çox ağlamışdı için-için,
dişləriini taleyə necə qıcamışdısa,
Həyat atamın alnının qırışlarını çoxaltmışdı.
…Sən ölən gün ağ çitə bükdülər arıq cəsədini.
Mən gülmədim. Ağlamadım da. Acıdım sadəcə.
Görən bildinmi, hər gün
baxışlarını üzümə dirədikcə qış günəşitək,
yaz qayğıları başlayırdı içimin?!

***

Sən, Həzrəti İsanın
əllərində çırpınan küt mismarla
edam kötüyünə
çılpaq qadın şəkli çəkəndə,
bilməliydin, bir gün cəllad da səni
çılpaq hala salıb doğrayacaq…
O gün ac itlər sümüklərini
boğuşa-boğuşa gəmirəcək.
Ürkək bir qadın da
itlərdən qorxa-qorxa
günahına acıyacaq acı-acı.
Sonra da halsız vücudunu
təkliyin uzaq vadilərində basdırıb
başdaşına çılpaq qadın şəkli çəkdirəcək
Allahdan utana-utana.
Hər yaz qəbrinin üstündə
günah ətirli güllər bitəcək,
Onda bir qızın içində
eşq adlı qorxu itəcək…
Və beləcə, hicran lal baxışlardakı
təlatümü iştahla yeyəcək.
Bir qoca da südəmər nəvəsinə
sıxıla-sıxıla günah haqda nağıl deyəcək.