This image has an empty alt attribute; its file name is 10291071_455253494660228_1338165152726257845_n-300x300.jpg

Azərbaycan Yazıçılar Birliyinin üzvüAzərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü

***

Min ildi his tutub bacam,
Ortağım şeytandı, acam.
Sabah edam olunacam,
…Vermədilər aman, ana,
Çox tez keçir zaman, ana.

Günahımız kalan oldu…
Cəhənnəmdə talan oldu.
Axır, dünən yalan oldu
Ürəyimə daman, ana,
Çox tez keçir zaman, ana.

Qəmdən xalı toxuyuram,
Keçmişimə çox uyuram.
Mən bayatı oxuyuram,
Ağı deyir kaman, ana,
Çox tez keçir zaman, ana.

Taxtdan düşdü tac, vaxtında,
İşim çıxdı hac vaxtında…
Əzrayılın ac vaxtında
Yuxum gəlir yaman, ana,
Çox tez keçir zaman, ana.

***

Bir mağmınam, xatam da yox,
Ölüm adlı “fatam” da yox…
Sən də yoxsan, atam da yox,
İndi, gedim hayana mən?
Qocalıram, ay ana, mən…

Günah yedi hamı, qırdım,
Səhər oldu, şamı qırdım.
Meydən bezib camı qırdım,
Gör, neynədim, vay, ana mən,
Qocalıram, ay ana, mən…

Əzrayıla qol açıram,
Baxışında zol açıram…
Çətin gündə yol açıram
Məni adam sayana mən,
Qocalıram, ay ana, mən…

Qınadılar bu xamı da…
İtlər yedi yuxamı da.
Atdım qara çuxamı da,
Ağ kölgəyəm day, ana mən,
Qocalıram, ay ana, mən…