Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
MƏLƏKDİ, MƏLƏK
Ağappaq qar kimidi,
Baxırsan göz qamaşır.
Gözəldi canı yanmış,
Yerə, göyə yaraşır,
Mələkdi, mələk, vallah,
Şükür sənə, ay Allah.
Bəstəboy, incə, zərif,
Bir xallı kəpənəkdi,
Lalə yanaq, ağ sinə,
Gör necədə qəşəngdi,
Mələkdi, mələk, vallah ,
Şükür sənə ay Allah.
Təzə açmış çiçəkdi,
Sanki bahardı, yazdı,
Ona gül, çiçək demək,
Günəş, Ay demək azdı,
Mələkdi, mələk, vallah,
Şükür sənə, ay Allah.
Baxışları odludu,
Bir nurdu,bir işıqdı,
Tanrının sevimlisi,
Dünyaya yaraşıqdı.,
Mələkdi, mələk, vallah,
Şükür sənə, ay Allah.
ÖMRÜMƏ QAYIT.
Sinəmdə sızlayır küskün duyğular,
Dumana bürünüb gülən gözlərim,
Qaçıb gözlərimdən şirin yuxular,
Bir ahdı, nalədi, indi sözlərim,
Nələr çəkdiyimi bilirsən özün,
Yanan ürəyimlə oyun oynama.
Vallah çox gözəlsən, yoxdu əvəzin,
Həsrətindən ölsəm , məni qınama.
Dərdimi, qəmimi yaza bilmirəm,
Söndürmə könlümün od, ocağını.
Sənsiz yuxuları yoza bilmirəm,
Aç mənim eşqimə sən qucağını,
Ürəyim üşünür adın gələndə,
Darıxan ruhumu nə olar ovut,
Dünya mənim olur, gözün güləndə,
Qayıt, ömrüm, günüm, ömrümə qayıt,
Sənsən dərdlərimin dava, dərmanı,
Həsrət ayırmasın heç zaman bizi.
Mən qurban demişəm sənə bu canı,
Gəl dərdin əlindən qutar Əzizi.