Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
“Qızıl qələm” media mükafatı laureatı
BU HƏYAT YOLUNDA
Neçə ürəkləri varaqlamışam,
Neçə çəmənləri oraqlamışam.
Neçə sevənləri soraqlamışam.
Heç demə naşıyam, ruhum bir incim,
Dünya sevncimdən olub bir əlçim.
Mən sevən biriyəm, sözə bağlıyam,
Cüt qoşa qanada, gözə bağlıyam,
Kədəri, qüssəni atmağa nə var,
Ürəyi sevgiylə vuran insanın,
Ruhuna bulaqtək axmağa nə var?!
Qəlbini bir sözlə almağa nə var?!
Yurdumun bu ilıq, od nəfəsindən,
Mən ilham alaraq cilalanmışam,
Qəlbi bədxahların daş qəfəsindən,
Kədərdən ələmdən uzaqlaşmışam.
Çəməndə çiçəklə, aranda güllə,
Meşədə kəkliklə, bağda bülbüllə,
Dərələr keçmişəm, dağlar aşmışam,
Qayada bulaqla dodaqlaşmışam.
Uzaq səfərlərdə yaraqlaşmışam.
Bu həyat yolunda bulaqlaşmışam.
Kədəri, qüssəni atmağa nə var,
Ürəyi sevgiylə vuran insanın,
Ruhuna bulaqtək axmağa nə var?!
Qəlbini bir sözlə almağa nə var?!
BƏLKƏ BİR YAY AXŞAMI…
Bəlkə, bir yay axşamı,
Ruhumu oxşayasan,
Sınsın həsrətin əli.
Yenə də söyləyəsən,
“Ey gözəllər gözəli”
Bəlkə bir yay axşamı,
Qadasını aldığım,
Bakı bağlarındaca,
Könlümü oxşayasan…
Baxasan varaq-varaq,
Qumaş qumlu sahildə,
Tufanda birgə olsaq,
İnan təsir eləməz,
Mənə nə qar, nə sazaq.
…Bəlkə bir yay axşamı,
Ləpələrin döydüyü,
Sahildə qoşa gəzək,
Sevgini nuş eyləyib,
Həsrətin izin əzək!
Gecə ay işığında,
Qumaş qumlar üstündə,
Həsrəti pərən salaq,
Pisləri edək yasaq.
…Bəlkə bir yay axşamı,
Qadasını aldığım,
Bakı bağlarındaca,
Deyək şeiri, qəzəli,
Unudasan özünü,
İxtiyarsız deyəsən,
“Nə yaxşı ki, sən varsan,
Ey gözəllər, gözəli”!