mayisexanim

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
“Qızıl qələm” media mükafatı laureatı

AZƏRBAYCAN UĞRUNDA

Əsgərlərimin himni ədalət nəğməsidi,
Səngərlərin igidlər, ərənlər nənnisidi.
Mübarizin, Ramilin əməli haqq səsidi,
Bir kəlmə şüarı var, dilində dodağında,
Hamımız çalışırıq Azərbaycan uğrunda!..

Millətimin şöhrəti dastanlar yaradıbdı,
Düşmənlərin bağrını yaxıbdı-yandırıbdı,
Yağılara ölümlük nifrəti yağdırıbdı,
Şairə ilham gəlir qələbə sorağında,
Yazırıq, yaradırıq Azərbaycan uğrunda!

Bulağının suyunda, dərəsində, dağında,
Laləzar təbiəti, çəmənində bağında.
Məhəbbəti gözümün qarasında-ağında.
Babəklərin dayanıb zamanın cığırında,
Yanırıq alışırıq Azərbaycan uğrunda!..

Yenə gələcək inan, firavan çağlarımız,
Bərəkətli, nemətli Qarabağ bağlarımız!
Babalardan əmanət vüqarlı dağlarımız,
Müqəddəs Qibləgahdı üçrəngli bayrağın da,
Çalışıb-vuruşuruq Azərbaycan uğrunda!..

SƏHƏRİMİZ XEYRƏ AÇILSIN

Səmalardan enir ruhum, ilhamım,
Coşmasam, gecələr çıxmaz hilalım.
Təkcə xoş əməllər, fikrim, xəyalım,
Ömrümüzə xoş arzular saçılsın,
Hər gün səhərimiz xeyrə açılsın!

Zülmətdən günəşin gələn vaxtıdır,
Dünyanın sevilib gülən vaxtıdır,
Süsənlər bağların bar-baharıdır,
Ömrümüzə xoş arzular saçılsın,
Hər gün səhərimiz xeyrə açılsın!

Boz küləklər saçlarımı yolubdu,
İncə ruhum yanar məşəl olubdu,
Hərdən sinəm şeir, sözlə dolubdu,
Ömrümüzə xoş arzular saçılsın,
Hər gün səhərimiz xeyrə açılsın!

Xeyirxahlıq ruhun öz bəhrəsidir,
Sevən könüllərin söz töhfəsidir,
Hüriyyət saflığın pak nəfəsifdir,
Ömrümüzə xoş arzular saçılsın,
Hər gün səhərimiz xeyrə açılsın!