rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

“Rübailərim” – silsiləsindən

Arzunun, istəyin tükənməz sayı,
Hər adam yaşayar, Haqq verən payı.
Diləyi Rəbbindən doğru dilə ki,
Yaradan qış vaxtı bəxş etməz yayı.

***
Dağların bəzəyi zirvənin qarı,
Bağların bəzəyi nübarı, barı.
İnsan övladının,Adəm oğlunun,
Könlünün bəzəyi, sevdiyi yarı.

***
Yaz vaxtı gələndə, ilk bahar çağı,
Lalələr qanına boyayar dağı.
Açar başdan-başa yurdda gül, çiçək,
Sevərik füsunkar, doğma torpağı.

***
Əriyər yaz vaxtı dağların qarı,
Coşdurar Arazda, Kürdə suları.
Ozanlar, aşıqlar hey oxuyarlar:-
Ya ”Kür daşdı gəldi”, ya “Arazbarı”.

***
Qaş-qabaq edəndə gəlin buludlar,
Adaxlı şimşəklər səmanı odlar.
Qovuşub əl-ələ , dönəndə nura,
Alqış, dua edər çiçəklər, otlar.

***
Olar ki, bağlanar qismətin önü,
Bir müddət pis keçər insanın günü.
Gərəkməz talehə şikayət etmək,
Dəyişər su gələn gilifin yönü.