rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

“Rübailərim” – silsiləsindən

Heç zaman güvənmə yağıya, yada,
Düşməndən yol tapar insana qada.
Dostluqda möhkəm ol, qoru dostunu,
Ən ağır günündə dost çatar dada.

***
Ibadət qəlblərə nur, hüzur yayır,
Namaza, oruca sən də vaxt ayır.
Satma gühü-günə, qısadır ömür,
Sənin saydığını, fələk də sayır.

***
Əzəldən bu dünya fanidir-fani,
Kiminə cəlladdır, kiminə canı.
Gorünmür cahangir şahlar,xaqanlar,
Dünənki fironlar, fatehlər hanı?

***
Dəyişik salmışıq zamanı, çağı,
Qüssədən əriyib qəlblərin yağı.
Dağ basır ürəyə gündə min dəfə,
“Qohumun oğraşı, doştun yaltağı”.

***
Tamah artıq olsa inan,”baş yarar”,
Gözü tox olanlar, mənzilə varar.
Acgözlər ha yığsın dünya malını,
Gərəksiz var, dövlət, nə işə yarar?

***
Mənalı bir ömür, özü bir dünya,
Yaşayan çalışa orda iz qoya.
Insana nə lazım,-təmizlık,saflıq,
Ucalıq gətirsin, ad-sana, soya.