Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
“Mənim dünyam” – silsiləsindən
Görsək də dövranın qanlı gərdişin,
Sayan yox fələyin qıcarmış dişin.
Sükansız gəmidə hamı sərnişin.
Fırtına,təlatüm bir anda gələr-
İnsanın talehin tək Allah bilər.
Kimsə güvənməsin vara,puluna,
Rəbb yazıb qismətin çoxdan alına.
Vaxt varkən dönməli Haqqın yoluna
Xəlbirdən keçirər,ələkdən ələr-
İnsanın talehin tək Allah bilər.
Ad verib aqillər dünyaya-fani,
Doymadan tərk edər, insan cahanı.
Sultanlar,xaqanlar,fatehlər hanı?!
Zamanın fırçası izlərin silər-
İnsanın talehin tək Allah bilər.
Nə qədər göstərsə cəsarət,hünər,
Hər güllü-gülüstan xəzanə dönər.
Gün keçər, günəş də qürubda sönər
Yaradan istərsə ağlayan gülər-
İnsanın talehin tək Allah bilər.
Qoy Allah kəlməsi düşməsin dildən,
Qurani-Kərimi sevək könüldən.
Rəbb əskik etməsin kərəmin eldən.
Yaranmış nə varsa mərhəmət dilər-
İnsanın talehin tək Allah bilər…