abdullamuellim

Yurdum yağıda inlər,
Dərdim ağıda inlər.
Kimi kefdə,damaqda.
Kimi yuxuda inlər.

Sel gələndə dərd aşır-
Atır-tutur dərd daşın..
Gözdən axan yaş deyil,
Yurd həsrətli dərd daşır.

“Göy üzü daş saxlamaz”
Gül yanaq yaş saxlamaz.
Vətəni gedən oğul
Çiynində baş saxlamaz.

Başını daşdan qoru,
Daşı daş-başdan qoru.
Yurdunu satanların
Başını daşdan qoru.

Daş başa yağır,bacım,
Baş-başa yağır bacım.
Məndən ötən güllələr
Qardaşa yağır bacım.

Yurd daşı dərd yaşıdı,
Baş daşı dərd daşıdı.
Şəhidlər al qanıyla
Torpağa dərd daşıdı.

Vətən daşı-yurd daşım,
Dərd daşıyan yurddaşım.
Şəhidlərin baş daşı
Qəlbimdə qan yaddaşı!

Azərbaycan.Quba.
16.02.1998.