Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2015-ci ildə elan olunmuş əsas qrant müsabiqəsi çərçivəsində təqdim olunmuş kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin ekspertizasının nəticələrini açıqlayıb.
AMEA, təhsil sistemindəki təşkilatlar və digər qurumlar tərəfindən təqdim edilmiş bu tip proqram layihələrinin böyük maliyyə həcmli qrantlar (500 min manatadək) yolu ilə maliyyələşdirilməsində əsas məqsəd elmi-tədqiqat müəssisələrinin, bölmə və mərkəzlərinin və elmlə əlaqəli digər qurumların elmi fəaliyyətini stimullaşdırması, müxtəlif elm sahələrində yerinə yetirilən elmi-tədqiqat işlərinin (xüsusi olaraq multidissiplinar araşdırmaların) dəstəklənməsi, maddi-texniki təminatının müasir tələblərə cavab verən səviyyədə yenilənməsi, qısa müddət ərzində rəqabət apara biləcək elmi nəticələrin alınmasına şərait yaradılması, müasir elmi-tədqiqat qrupları, laboratoriyaları, mərkəzlərinin (o cümlədən, beynəlxalq əməkdaşlıq çərçivəsində) yaradılması və ya təkmilləşdirilməsidir. Layihələrdə maliyyə və maddi-texniki təminatla (cihazlar, qurğular və avadanlıqlar) yanaşı, paralel olaraq ezamiyyətlər yolu ilə elmi kadr hazırlığı da nəzərdə tutulub.
Müsabiqənin əsas prioritetləri Yüksək enerjilər fizikası; Müxtəlif sistemlər üçün kvant hesablamaları; Müdafiə və təhlükəsizlik istiqamətində elmi-texniki tədqiqatlar; Kosmik tədqiqatlar, Yerin məsafədən zondlanması; İnformasiya təhlükəsizliyinin təmin olunması; Alternativ enerji mənbələri; Molekulyar-genetik tədqiqatlar; Kənd təsərrüfatı biotexnologiyaları, torpaq münbitliyi və ərzaq təhlükəsizliyi; Kök-hüceyrə tədqiqatları, herantologiya; Hidrofob və antibakterial xassəli yeni polimerlərin tədqiqi; Kimyəvi kinetika və kataliz üzrə tədqiqatlar; İzotop geologiyası və geoxronologiya; Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik; Yeni müstəqillik tarixi; Multikulturalizm və dini dəyərlər; Azərbaycan dilinin lüğət tərkibinin inkişafı; Azərbaycan və Qafqaz tarixinə dair Şərq yazılı mənbələrinin tədqiqi; Azərbaycan mühacirət ədəbiyyatı; İqtisadi inkişaf modelləri olub.
2015-ci ildə elan olunmuş əsas qrant müsabiqəsinə daxil olmuş 133 layihə sırasından ümumi maliyyələşdirilmə həcmi 9.870.000 manat olmaqla 56 qalib layihə müəyyənləşdirilib və Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının müvafiq qərarı ilə təsdiq olunub. Kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin maliyyələşdirilməsi Elmin İnkişafı Fondunun büdcə vəsaitindən asılı olaraq 2016-2018-ci illərdə həyata keçiriləcək.
Fizika-riyaziyyat və texnika elmləri üzrə 16, kimya elmləri üzrə 10, Yer haqqında elmlər üzrə 7, biologiya, tibb və aqrar elmləri üzrə 11 və humanitar və ictimai elmlər üzrə 12 layihə qalib olub. Layihələrin icra müddəti 12 aydan 36 aya qədərdir və bu müddət əhəmiyyətli və tətbiqi xarakterli nəticələrin alınmasına imkan verəcək.