rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

“Mənim dünyam” – silsiləsindən

Bir hasar çəkmisən, yıxa bilmirəm,
Gözümdə intizar, baxa bilmirəm.
Kədər, qəm selindən çıxa bilmirəm,
De, niyə dəyişdin , dünyamı mənim?

Nə tez doydun məndən, sözün qalmayıb,
Necə alışdın ki, közün qalmayıb.
Bu eşqin yolunda, izin qalmayıb,
De, niyə dəyişdin, dünyamı mənim?

Başına od yağsa sərin bilirsən,
İlan zəhərini, şirin bilirsən.
Hər üzə güləni, pirin bilirsən,
De, niyə dəyişdin, dünyamı mənim?

Qalmışam yaxınla, yadla üz- üzə,
Yanar təndirdəyəm, badla üz- üzə.
Təkcəyəm, quruca adla üz- üzə,
De, niyə dəyişdin, dünyamı mənim?

Bir eşqi, sevdanı, xar elədin sən,
Şəvə saçlarıma, qar ələdin sən.
Dünyanı Dövrana, dar elədin sən,
De, niyə dəyişdin, dünyamı mənim?…