rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

“Köhül dəftərim” – silsiləsindən

Getmişdim onunla vidalaşmağa,
Buludtək doluydu, qara gözləri.
Baxışı axırdı sola, gah sağa,
Tapa bilməyirdi, çara gözləri.

O, məsum,günahsız, nazənin pəri,
Yanağda gözlərin, yağışdan zəri.
Qəm, qüssə, kədərin, yoxdu bənzəri,
Sitəmdən gəlmişdi, zara gözləri.

Üzgün baxışları çox şey söylədi,
Nəmli çilvələri,-getmə dilədi.
Kipriklər durmadan dürlər ələdi,
Heyranmış, mən adlı, yara gözləri.

O gözlər qaytardı, məni özümə,
Onlar sahib etdi, məni sözümə.
Qoymadı bəd nəzər dəysin gözümə,
Dövransız baxarmış, hara gözləri?!…