Son bir ildə Sumqayıt şəhərində həyata keçirilən abadlıq və quruculuq işləri bütün sumqayıtlılar kimi bir şəhid atası olaraq mənim də ürəyimdən xəbər verir. Sumqayıtda həyata keçirilən layihələr möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu kadr siyasətinin bəhrəsidir. Sumqayıtda hamının tanıdığı və hörmət bəslədiyi, hörmətli Zakir müəllim Fərəcovun şəhər icra hakimiyyətinin başçısı təyin olunması, demək olar ki, hər bir sumqayıtlının sevincinə səbəb oldu.
Möhtərəm Prezidentimizin diqqət və qayğısı, İcra Hakimiyyətinin rəhbərliyi altında Sumqayıtda görülən bu qədər işi bir ilin çərçivəsinə sığışdırmaq, az qalır ki, inanılmaz görünsün. Ulu öndərin adını daşıyan Parkın yenidən qurulması, yeni və möhtəşəm Heydər Əliyev Mərkəzinin tikilməsi, Musiqi və Şahmat məktəblərinin inşası, Sumqayıtın giriş yolu sayılan Sülh küçəsinin genişləndirilməsi və yenidən qurulması, binaların dam örtüklərinin dəyişdirilməsi, liftlərin yenilənməsi və digər işlər son bir ilin bizə bəxş etdiyi yeniliklərdir.
Həyata keçirilən ən böyük layihə isə Sumqayıt Dənizkənarı bulvarının yaradılmasıdır. Bu layihə Sumqayıt şəhər statusu alandan bəri şəhər sakinlərinin ən böyük arzusu olmuşdur ki, bu arzu da hörmətli Zakir müəllim Fərəcov tərəfindən gerçəkləşdirilmişdir.
Bu müddət ərzində məktəblərin, uşaq bağcalarının və səhiyyə ocaqlarının da əsaslı təmiri davamlı olaraq həyata keçirilmişdir ki, belə müəssisələrdən biri də Sumqayıt şəhər 1 saylı doğum evidir. Bildiyimiz kimi, bu tibb ocağına son dovrlərə kimi sumqayıtlıların münasibəti birmənalı olmamışdır. Bütün bunlar nəzərə alınaraq Sumqayıt şəhər 1 saylı doğum evi həm əsaslı şəkildə təmir edilmiş, həm də Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə yeni baş həkim təyinatı olmuşdur. Təmirdən sonra tibb müəssisəsinə gələn şəhər icra hakimiyyətinin başçısı əsaslı təmirin nəticələri ilə tanış olmuş, tibb personalı ilə görüşərək, onların istək və arzularını dinləmiş, insanların sağlamlığı keşiyində nümunəvi şəkildə dayanmağın başlıca amil olduğunu vurğulayaraq, öz tövsiyələrini vermişdir.
Bir məsələni də qeyd edim ki, bu tibb ocağında 350-dən artıq tibb personalı çalışır və müəssisəyə Təranə xanım Rəcəbli rəhbərlik edir. Rəhbərlikdə kadr dəyişikliyindən sonra 1 saylı Doğum evi işini günün tələbləri səviyyəsində qurmağa çalışır və insanlara nümunəvi xidməti özünün başlıca vəzifəsi hesab edir. Öz işinin bilicisi olan baş həkim Təranə xanım Rəcəbli bundan öncə Real klinikasında baş həkim vəzifəsində çalışmış, sonra isə Respublika Perinatal Mərkəzdə baş həkimin müavini vəzifəsini icra etmişdir. 1 saylı Doğum evinin baş həkimi işlədiyi 6 ay ərzində şəhərin ictimai həyatında yaxından və fəal iştirak edən Təranə xanım kollektiv arasında da sağlam mühit yarada bilmişdir. Burada çalışan həkim və tibb bacılarının da dediyindən belə məlum olur ki, Təranə xanım işinə qarşı çox ciddi və məsuliyyətlidir, tələbkardır, səliqə-səhmanı sevəndir, həmçinin kollektivin üzvlərinə qarşı çox diqqətli və mehribandır. Bu doğum evində çalışanlar arasında şəhid ailəsinin üzvü, şəhid bacısı, şəhid həyat yoldaşı olanlar da yetərincədir. Təranə xanım bu qəbildən olan insanlara, eyni zamanda aztəminatlı ailələrin üzvlərinə diqqətlə yanaşır, onları mütəmadi olaraq dinləməklə problemlərini həll etməyə çalışır. Uğurlu və səmərəli fəaliyyəti nəzərə alınaraq Təranə xanım bu yaxınlarda şəhərin baş neonatoloqu təyin olunmuşdur.
Təranə xanımı bu təyinat münasibətilə təbrik edir, şəhid ailələrinin üzvlərinə göstərdiyi diqqət və qayğıya görə bütün şəhid ailələri adından ona dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Müslüm Abbasov
(şəhid Elman Abbasovun atası),
Sumqayıt şəhəri, 12-ci mkr, ev 30, mən 45