Axtarır
Simasını itirənlər,
Üz qoymayıb, üz axtarır.
Ömrə dərd-qəm gətirənlər,
Onda bunda düz axtarır.
Meydən cana gəlir, canı,
Beləsində həya hanı?
Nə dini var, nə imanı,
Beşcə arşın bez axtarır.
Hər işində etibarsız,
Əli əyri, qəlbi barsız,
Üzə gülür arsız-arsız,
Kül içində köz axtarır.
Ürək, tab et, döz bu dərdə,
Aralıqdan qalxdı pərdə,
Həm xeyirdə, həm də şərdə,
Astarı yox, üz axtarır.
Hər çiçəkdə, güldə Polad,
Hər ağızda, dildə Polad,
Sevə-sevə eldə Polad,
İnci gəzir, söz axtarır.
9.06.2015.
Həqiqəti deyən az olur
Əlim gətirirdi, qazancım vardı,
Çox idi dövrəmdə dostum, tanışım,
Elə ki, kasıblıq tutdu yaxamdan,
Bir-bir dağıldılar, tək qaldı başım.
Çox vaxt dil çıxardıb, yalvaran adam,
Adamı diliylə sancır ilantək.
Hər işə gizlində pəl vuran adam,
Gül kimi görünür, batır tikantək.
Dost kimi gözümə görünən yaltaq,
Mən dara düşəndə, gözümdən itdi.
Gözdən pərdə asan “qəhrəman” qorxaq,
Qəfil yoxa çıxdı biryolluq getdi.
Mən onun yolunda yanıb kül oldum,
Halıma yalandan yanmağı varmış.
Mən onu dərindən dartan əl oldum,
Xoş günə çıxanda, danmağı varmış.
Yaman güvənirdim əhdə, ilqara,
Özümü öz zənnim aldatdı mənim,
Gülə-gülə vurdu qəlbimə yara,
Dondurdu qanımı qaraltdı mənim.
Yaltağın biri də, arada gəzdi,
Gördü ki, dardayam, çıxdı aradan,
Güclüyə yalmandı gücsüzü əzdi,
Heyif ki, gec seçdim ağı qaradan.
Dostluğun körpüsü halal bir loxma,
Bu halal loxmadan, yeyən az olur.
Polad, haqqa sığın, çətindən qorxma,
Bil ki, həqiqəti deyən az olur.
22.10.2016.