1423756700_sefa-xanim

Gedir

(Daha dünən körpə uşaq olduğu halda bu gün gəlin köçən qızlarımıza)

Hərə öz köçünü tapır dünyada,
Durna qatarı tək düzülür gedir.
Körpə qızlarımız böyüyür, Allah,
Əlləri yuvadan üzülür, gedir.

İllər göz qırpımı uçur beləcə…
Neçə ki körpədi anlamaq olmur.
Hər xırda şey üstə danlamaq olmur,
O incə dodağı büzülür gedir.

“Vağzalı” sədası çalınır, Allah!
Evdən inci gedir, evdən dürr gedir.
Özü qanad açır, ancaq göz yaşı,
Məsum yanağından süzülür, gedir.

SEVGİ

Sevgi elə belə olmur ki?!
Sevginin gülən gözləri olur.
Sevgi sən görən deyil ki?!
Sevginin bapbalaca əlləri olur.

Sevgi elə belə olmur ki?!
Sevginin dadı var, şirin bal kimi.
Sevgi sən görən deyil ki?!
Sevginin qəlbi olur körpə quş kimi.

Sevgi elə belə olmur ki?!
Sevgi ayaq tutub evdə də gəzir.
Sevgi sən görən deyil ki?!
Sevgi hərdən şıltaqlıq edir.

Sevgi elə belə olmur ki?!
Sevginin dili var, danışa bilir.
Sevgi sən görən deyil ki?!
Sevgi ata deyir, ana söyləyir…
Sevgi elə belə olmur ki!