Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
OLAN OLDU
“Könül dəftərim” – silsiləsindən
Lənət olsun kor şeytana,
Sevgim, sevdam, yalan oldu.
Həyat çəkdi imtahana,
Sənli dünyam, talan oldu.
Qəfil çarpdı, zalım fələk,
Arzularım getdi hədər.
Məsum vüsal, hey dərbə-dər,
Fələk qisas, alan oldu.
Həyat eşqi, inam söndü,
Dünya gözə dar göründü.
Üz- üvandım, tərsə döndü,
Könül ağlar, nalan oldu.
Kimlər qurdu bu qurğunu?
Hər həsrətin, var bir sonu.
Ala gözlər yol yorğunu,
Möhlət, vədə,dolan oldu.
Bir az qeyrət, bir az hünər,
Fitnə odu susar, sönər.
Dövran, sevən geri dönər
Sən də söylə;- “olan- oldu”…
GÖRÜŞƏCƏYİK
“Könül dəftərim” – silsiləsindən
Ayrılıq gör necə haxladı məni,
Çökdü başım üstə, həsrətin çəni.
Qəflətən gələrmiş, ayrılıq dəmi,
Qismətdə vardısa, görüşəcəyik.
Odlanıb yanırıq, bax için- için,
Karvanı yetişdi, bu qəmli köçün.
Qəlbimdə söylədim, təsəlli üçün;-
Qismətdə vardısa, görüşəcəyik.
Yollar zənci saçı, çözə bilmədik,
Qanadsız quş kimi, süzə bilmədik.
Adadan- adaya, üzə bilmədik,
Qismətdə vardısa, görüşəcəyik.
Vüsalın uzaqda, bir güman kimi,
Qəddimi əyibdir, yay- kaman kimi.
Hicran sarsa belə, sis- duman kimi,
Qismətdə vardısa, görüşəcəyik.
Vardır zərbi- məsəl, atalar sözü;-
“Kül altda qorunar, ocağın közü”.
Yollardan yığışar, Dövranın gözü,
Qismətdə vardısa, görüşəcəyik…