İNSANLIĞA
Bir günahkar bəndə varsa, yox nicat insanlığa,
Hər bir insan saf əməl versin zəkat insanlığa.
Qoy arınsın büs-bütün hər cür günahdan bəndələr,
Eyləsinlər çox savab işlər barat insanlığa.
Durmadan karvan gedir, yollar uzaqdır, yük ağır,
Sən də ver öz töhfəni, vaxtında çat insanlığa.
Vermə əldən insafı, fürsət var ikən adil ol,
Pak əməllər bəxş edər sonsuz həyat insanlığa.
Sözlərinlə, gəl, Müzəffər, qəlbləri abad elə,
Mənəviyyat müjdəni şövq ilə qat insanlığa.
KİMİYƏM
Sənin eşqinlə, gülüm, cismə gələn can kimiyəm.
Sən küləksən, mən isə kükrəmiş ümman kimiyəm.
Sevgimiz nur selidir, qərq eləyib ömrümüzü,
Sən günəş, mən işığından ağaran dan kimiyəm.
Ömrümüz güllü-gülüstandı bütün, sayəndə,
Sevgimiz bal, sən arı, mən dolu bir şan kimiyəm.
Sən mənim eşqimə təşnə çiçəyimsən, mən isə,
Bir məhəbbət buludu, eşq dolu leysan kimiyəm.
Tapdı xoşbəxtliyini səndə Müzəffər əbədi,
O zamandan elə öz ömrümə mehman kimiyəm.