BİR İNSAN ÖMRÜNƏ NƏLƏR SIĞARMIŞ…
Proloq
Nə zamandır düşünürəm dərin-dərin,
Dərdləşirəm mən gecələr əqlim ilə.
Yaratmaqçün dastanını mən Öndərin,
Toplayıram dürr-incilər gilə-gilə.
Mən bir qorxmaz əsgəriyəm həqiqətin,
Yazdıqlarım ümmandakı bir damladır.
Söz, sənət də fövqündədir məhəbbətin,
Mənim gecəm, həm gündüzüm ilhamladır.
Ümümmilli liderimə olan sevgi,
İnanıram çağlayacaq qələmimdən.
Hər qafiyəm, hər bir hecam nizə,süngü,
Söz qılıncdır,düşməyəcək heç əlimdən.
Ötsə də çox əbədiyyət səfərindən,
Ölməzdir O,sıramızda bizimlədir.
Məst olmuşam müstəqillik zəfərindən,
Ulu Öndər aramızda, bizimlədir.
Şəfəqləri al günəşdir doğma elə,
Azadlığın, hürrüyyətin şöləsidir.
Qəhrəmanlıq nəğməsidir düşüb dilə,
Ataların, babaların haqq səsidir.
Koroğlutək sinəsində dəli nərə,
Düşüncəsi nə savaşdır, nə də qandır.
Millətimin dərdlərinə məlhəm, çarə,
Ümidləri qərq eyləyən bir ümmandır.
Cəsarəti nuş eylədi udum-udum,
Qalib oldu cahangirlər meydanında.
Müstəqillik… Azad ölkəm… Güclü ordum…
Oxa döndü zəmanənin kamanında.
İdeyası istiqlalın rəmzi olub,
Adı zəfər bayrağıdır dalğalanır.
Heydər eşqi, Haqq sədası qəlbə dolub,
Günü-gündən məşəl kimi alovlanır.
Belə ömrün hər zərrəsi bir günəşdir,
Qaranlığa, zülmətlərə qatı düşmən.
O, qəlblərdə yaşayan eşq, nur, atəşdir,
Hara getdim ancaq bunu eşitdim mən.
Şah əsəri azad, yeni Azərbaycan,
Xoşbəxt-xoşbəxt gülümsəyir baxanlara.
Düşmənlərə qənim olan şimsək, tufan
Yollar açır zəfərlərlə xoş anlara.
HEYDƏR ƏLİYEV MUZEYİNDƏ
Xəyallarım bələdçitək yol göstərir,
Dayanmışam muzeyində Öndərimin.
Göz önündən xatirələr keçir bir-bir,
Axan yaşın əzizlərəm gözlərimin.
Söz açılıb həyatının hər anından,
Ona bağlı sənət, foto, lal əşyalar.
Ötmək olmur həyacansız yanlarından,
Hər birində gizli hikmət ,gizli əsrar…
Çevirirəm zəmanənin illərini,
Təsbeh kimi düzüm-düzüm cərgələnib.
Ümman olub mən içirəm sellərini,
Qara saça qırov düşüb, qar ələnib.
Min doqquz yüz iyirmi üçün may ayında,
Böyük Tanrı əta etdi bir körpəni.
Ay sevindi kəhkəşanlar sarayında,
Nur şəfəqə boyanmışdı beşik,nənni.
Böyüdü O, İzzət ana qucağında,
Atəş aldı Əlirza kürəsindən.
Poladlaşdı ömrünün lap gənc çağında,
Tük ürpəndi qoç Koroğlu nərəsindən.
Dayanmışam nəhəng rəsmin önündə mən,
Zaman donub, xəyal coşur, silkələnir.
Kiçik Heydər süzür bizi çərçivədən,
Baxışından qəlbə həzin nur çilənir.
Eksponat, hər nə varsa bir dastandır,
Səhifələnən ömründən varaq-varaq.
Tər-təmizdir, ləkəsizdir, gülüstandır,
Uşaq kimi təəccüblə baxır maraq.
Bu insanla necə qürur duymayasan?
Hər bir anı vətən üçün qəhrəmanlıq.
Necə öpüb göz üstünə qoymayasan?!
Qılıncını saxlamayıb bircə anlıq.
Baxıram mən Onun qiymət cədvəlinə,
Qardaş kimi qucaqlaşıb, baxır beşlər.
Baş əyirəm cəfakeşlik heykəlinə,
Köhnəlməyən xatirələr, təzəcə-tər.
Hərbi mundir sıxır enli sinəsini,
Çox yaraşır cüssəsinə bu şux geyim.
Yeni-yeni qurur şöhrət binasını,
Hünər dolu xidmətlərin hansın deyim?…
Zərli-zərli, ulduzludur paqonları,
Qamətinə biçilibdir sanki Haqqdan.
Əzəməti titrədəcək nadanları,
Vətn üçün qurban deyib canı çoxdan.
Düymələri cərgələnən əsgər kimi,
Ordenləri qəhrəmanlıq mayağıdır.
Həyəcanım bir romantik əsər kimi,
Düşüncələr ilhamımın bulağıdır.
Cəngavərdir təltifləri,medalları,
Hər birinin ayrıca bir dastanı var.
Sıldırımlı,sərt qayalı o yolların,
Yaddaşına həkk olunmuş çox anı var.
Kəmənd atıb ram eylədi O,zirvəni,
Qartal kimi uçrumlardan süzüb keçdi.
Şəfəqiylə aydınlatdı duman, çəni,
Neçə-neçə zirehləri dəlib keçdi.
* * *
Dalıb fikir dünyasına, xəyal gedir o çağlara,
Sovet dövrü… Ağır zaman… İnləyirdi Azərbaycan…
Odlar yurdu tapdaq idi həm qırmızı, həm ağlara,
Kommunistə, ateistə, qan qoxuyan alçaqlara.
Varidatım bəxşiş kimi paylanmışdı sağa-sola,
Yem olmuşduq ağzı qanlı çaqqallara, quzğunlara.
Talanmışdı nemətlərim, dikilmişdi gözlər yola,
Sürünürdüm ilan kimi, özüm qartal ola-ola.
Bu bağrı qan, viran olmuş yurda oldun sahib duran,
Öz xalqına, millətinə arxa oldun, dayaq oldun.
Ulu öndər, Baş Komandan, alqışladı səni zaman,
Varlığınla fəxr eylədi, hey öyündü qoça Turan.
Al günəştək yayılanda zərrin-zərrin şəfəqlərin,
Həyat verdi hərarətin buz bağlamış ölkəmizə.
Nurlandırdın vətənimin səmasını, üfüqlərin,
Qamaşdırdın ğözlərini düşmənlərin, rəqiblərin.
Ümman kimi boy göstərdin tüğyan eden nəhənglərə,
Hər dəqiqən, hər saniyən xalqın üçün, vətən üçün.
Qəhrəmanlıq nəğməsidir boyük adin al səhərə,
Yatmış vulkan, fırtınadır, zəlzələdir zəhmin,gücün.
* * *
Canlı bir şahiddir foto, sənədlər,
Dövrün, zamanənin aynası kimi.
Yurdun həm gecəsi.gündüzü zəhər,
Rəhbərlər xalqına bir asi kimi.
Naşı siyasətdən pəjmürdə vətən,
Qartal caynağında qanlı ov kimi.
Hər rayon, bölgədə boran, duman çən,
Bürüyub olkəni qar, qırov kimi.
Vətən səmasında parlaq Günəştək,
Can verdi çiçəyə,gülünə birdən.
Əldə misri qılınc hücum çəkərək,
Heydər qisas aldı fələk, qədərdən.
İntibah yol açdı Azərbaycana,
Keçici bayraqlar ard-arda gəldi.
Dönüb örnək olduq bütün cahana,
Vətənin şöhrəti, adı yüksəldi.
İttifaq hörmətlə baş əydi Ona,
Mərkəzi Komitə Ondan danışdı.
Odlar ölkəsinin mətin oğluna,
“Siyasi Büro da dostdu, qardaşdı.”
* * *
Heydər dönür ittifaqda əfsanəyə,
Moskvanın gözündə o,bir incidir.
Zəfərlərə mahnı, nəğmə deyə-deyə,
Neçə ildir Azərbaycan birincidir.
Mərkəzdəki rəhbərləri ovsunladı.
O,dünyanı valeh etdi hünəriylə.
Nə etdisə bunuVətən borcu saydı,
Qürur duydu Ulu millət Heydəriylə.
Çox ciddiydi “Böyük qardaş” nəzarəti,
Amma Heydər bu sədləri yıxdı, aşdı.
Onun böyük siyasətdə məharəti,
Kəhkəşana, ümmanlara ayaq açdı.
O qaytardı sahibinə doğma dili,
Ad verərək alqışladı Dədə Qorqud.
O, Xaqani, O, Nizami, O, Füzuli,
Fəxr eylədi: Öndəriylə bu ulu yurd.
Hey içdikcə onun zəka bulağından,
Süslənirdi böyük sovet, rus dövləti.
Nur alırdı parlaq idrak çırağından,
Mayak idi ər Öndərin güc-qüvvəti.
Tanınmayan bir ölkəni məşhur etdi,
Dünya duydu Azərbaycan,Bakı adın.
Susuz,şoran səhralarda güllər bitdi,
Xoşbəxt etdi bu diyarın hər övladın.