Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
TƏNHA DƏRVİŞ
Bu gün Səttar Bəhlulzadənin dogum günüdür.Böyük sənətkarımızı sayqı və rəhmətlə yad edək
Çiynində üçayaq, nimdaş, rəsm çantası,
Dərviştək aləmin, bərri-biyaban.
Hey çöl, dağ, dənizdən gələrdi sədan,
Düşərdin günəşin, ayın dalınca-
Fırçan kükrəyərdi, ilham alınca.
Oxşardın nahamar, cadar kətanı,
Qaçmazdı gözündən zamanın anı.
Canlı yaradardın üfüqü, danı,
Durmazdı barmaqlar, razı qalınca-
Fırçan kükrəyərdi, ilham alınca.
Duyurdun Xəzərin hər zərrəsini,
Duyurdun qağayı düşüncəsini.
Duyurdun gül, çiçək, yarpaq səsini,
Qövsü-qüzeh rəngli xalı salınca-
Fırçan kükrəyərdi, ilham alınca.
Rənglər aləminə daldıqca- daldın,
Nə şöhrət diləndin, nə də, ad aldın.
Fırçanın sehriylə, Sən hey ucaldın,
Düşmədin var-dövlət, nə pul dalınca-
Fırçan kükrəyərdi, ilham alınca.
Dahi oğlu oldun, O Sənə Ana,
Fəxarət, qürursan Azərbaycana.
Ilhamından pay ver, şair Dövrana,
Sarılsın var güclə qələm, qılınca-
Səttar babasından ilham alınca.
BÜLBÜLÜM
“Vətənimdir” – silsiləsindən
Bu qədər ağlayıb, qəlbimi oyma,
Sevda xiffətindən, solan bülbülüm.
Elini şeydana intizar qoyma,
Gözləri həsrətdən, dolan bülbülüm.
Nə vaxtdan Şuşaya güzar salmayan,
Xarı bülbülünün, könlün almayan.
Gülxarsız gecəsi,gündüz olmayan,
Yuvası viranə, qalan bülbülüm.
Qonşu namərd oldu, kəsdi yolları,
Arxadan oxladı, mərd oğulları.
Unutdun dastanı, ər nagılların,
Uydun bayatıya, nalan bülbülüm.
Dağ belə- dağ olmaz, dumansız, çənsiz,
Söylə, ruh neyləsin, cansız, bədənsiz?
Neçə yaz gül açdı, Gülxarın sənsiz,
Əhdinə vəfası yalan bülbülüm.
Güman var vüsala, bitəcək hicran,
Bizə də güləcək, Yaradan, Mövlan.
Sizi cüt, qol- qola, görəcək Dövran,
Gücünü eşqindən, alan bülbülüm…