Bu gün respublikamızın təhsil sahəsində müxtəlif istiqamətlərdə islahatlar həyata keçirilir. Bu islahatlardan biri də ibtidai təhsil sistemində artıq təsdiq edilmiş şagirdyönümlü, nəticəyönümlü, tələbəyönümlü təhsil proqramlarıdır (kurikulumlar).
Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu) sənədində şagirdin bir şəxsiyyət kimi formalaşması üçün lazım olan bütün təlim şəraitinin yaradılması əsas məsələ kimi qoyulur. Kurikulumun modeli həyati bacarıq və vərdişlərə üstünlük verildiyi üçün şəxsiyyətyönümlülük xarakterlidir. Kurikulumların tətbiqi müəllimləri fəal təlimin təşkili, yeni interaktiv təlim üsullarının müəyyənləşdirilməsi və təcrübədə tətbiqi sahəsində fəal axtarışlara qoşaraq yaradıcı fəaliyyət göstərmələrinə təkan verir. Nəticələr bir daha sübut edir ki, kurikulumların daha səmərəli tətbiq olunması üçün təhsildə aparılan islahatların fəlsəfəsini dərk etmək daha məqsədəuyğundur. Bunun üçün inkişafımızın müasir mərhələsində məktəbəqədər təhsilin rolu və yeri, məqsəd və vəzifələri cəmiyyətin formalaşmasındakı əhəmiyyəti açıqlanmalı, yeni şəraitdə inkişaf istiqamətləri şəhr olunmalıdır. Eyni zamanda uşaqların psixoloji, fizioloji xüsusiyyətləri öyrənilməli, tədrisin ilk günlərindən başlayaraq təhsilin ən vacib və ana xətti olan şəxsiyyətin formalaşması düzgün istiqamətləndirilməlidir. Psixoloqların da qeyd etdiyi kimi “uşaqları tərbiyə edə-edə və öyrədə-öyrədə öyrənmək lazımdır ki, onları öyrənə-öyrənə tərbiyə edək və öyrədək”. Elə buna görə də hər bir müəllim ilk olaraq şagirdin xüsusiyyətlərini aşkara çıxarmalı, həmin tərbiyəvi tədbiri onlara müvafiq şəkildə tətbiq etməyi bacarmalıdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunduğu kimi, yaradıcı şəxsiyyət və vətəndaş formalaşdirmaq bu gün hər bir müəllimin işinin əsası olmalıdır. Bunun üçün hər bir müəllimdən böyük peşəkarlıq və həssaslıq tələb olunur.
Hər bir yaradıcı təhsil işçisi kimi biz sinif müəllimləri də bu işə öz töhfəmizi verməyə çalışırıq. Gələcəyi bizə əmanət edilmiş gül balaların cəmiyyətimiz üçün hərtərəfli şəxsiyyət kimi yetişdirilməsi məsuliyyətini dərk edərək öz üzərimizdə müntəzəm çalışır, yenilikləri gündəlik dərslərimizdə tətbiq edir, dərslərin rəngarəng, maraqlı, yaddaqalan olması üçün, müxtəlif metod və üsullardan, təlimin texniki vasitələrindən istifadə edirik. Bütün bunlar dərslərin tətbiqi zamanı irəli sürdüyümüz problemli stuasiyanın (motivasiyanın) qoyuluşunda, təhlilində, araşdiirilmasında və nəticələrin alınmasında mühüm rol oynayır. Kurikulum həmçinin şagirdlərin yuxarı siniflərdə daha yaxşı və bacarıqlı təhsil almasına kömək olur.
“Mən müəllim adından yüksək ad tanımıram” söyləyən Ulu öndər, Ümummilli lider Heydər Əliyev müəllim əməyinə olduqca yüksək qiymət vermişdir. Bu adin şərəfini və qürurunu yaşatmaq, uca tutmaq, təhsil sahəsindəki islahatları, yenilikləri tətbiq etmək üçün var qüvvəmlə işləyir, xalqını sevən hər bir müəllim kimi Allahın mənə bəxş etdiyi bilik və bacarığımı onun övladlarına bəxş edirəm.
Saysız-hesabsız peşə sahibləri müəllim əməyi ilə səadət tapıblar. Şərəfli, eyni zamanda məsuliyyətli olan müqəddəs müəllimlik peşəsinin sahıbı kimi çox xoşbəxtəm. Xoşbəxtəm ona görə ki, yaşadığım müəllim ömründə həyatımın qayəsi halallıq, vətənpərvərlik, səmimilik və xeyirxahlıq olub və bu gözəllikləri vətənimin hər bir övladına sevə-sevə aşılayıram.
Sədayə Həmidova,
Sumqayıt şəhər 14 saylı tam orta məktəbin
ibtidai sinif müəllimi