CƏBHƏ BÖLGƏSİNƏ SƏFƏRİMDƏN ƏN KÖVRƏK ANLAR…
Ötən ay iyulun 25-dən 28-nə kimi QARABAĞa-AĞDAMa səfər etdim. 4 günlük səfər çərçivəsində Mübariz ruhlu igid əsgərlərimizi ziyarət etməklə yanaşı, Qaçqın Qəsəbəsində məskunlaşan məcburi köçkün ailələrini, Qarabağ müharibəsi iştirakçılarını, eləcə də torpaqlarımız uğrunda canını qurban vermiş şəhid oğullarımızın məzarını da ziyarət etdim.
Belə ki, iyulun 28-də VƏTƏN uğrunda canını fəda etmiş 22 yaşlı şəhid Əhmədov Qaryağdı Eldar oğlunun məzarını ziyarət etdim və ruhuna dualar oxudum. ANA Vətənin fədakar, cəsur və qorxu bilməz oğlu Qaryağdı 1992-ci il iyulun 1-də, o qanlı- qadalı günlərdə Aağdamın Saybalı kəndində dünyaya gəlib. O, 1 yaş 3 günlük olanda onun doğulduğu Saybalı kəndi erməni silahlı birləşmələri tərəfindən 1993-cü il iyulun 4-də işğal edilib.
Vətəncanlı oğul Qrayağdı Əhmədov iyulun 31-də saat 16:09-da məkrli düşmənin açdığı snayper gülləsindən şəhid olub. Tanrının yazısına, taleyin qismətinə baxın. Vətənin igid oğlu Qaryağdı iyulun 1-də dünyaya göz açıb, iyulun 31-də şəhidlik zirvəsinə yüksəlib. Vətənpərvər oğul Qaryağdı 2014-cü ildə ad günündən 30 gün sonra, dünyaya gəldiyi ayda-iyulun 31-də öz canı qədər sevdiyi VƏTƏNin uğrunda şəhidlik zirvəsinə ucalıb…
2014 cü il avqustun 1-də isə çox sevdiyi ANA VƏTƏNin torpağında dəfn olunub Vətənin vüqarlı, dəyanətli və mərd ürəkli oğlu Qaryağdı…
2015 ci il avqustun 1-də Qaryağdı Əhmədovun şəhid olduğu gündən 1 il ötdü…
VƏTƏNin igid oğlu Qaryağdı! Şəhidliyin bir daha MÜBARƏK olsun!
Rahat uyu, VƏTƏNin şəhid oğlu! Düşmən əsarətində qan ağlayan torpaqlarımız işğaldan tezliklə azad olunacaq! Zəfər GÜNü çox yaxındadı! O möhtəşəm ZƏFƏRə çox az qalıb. Çünki Azərbaycanın güclü və qüdrətli Milli Ordusu var!
Uca Tanrının yazısı, qisməti beləymiş, Tanrının yazdığı yazını isə heç kim poza bilməz.
Müstəqil Azərbaycanımız uğrunda canını fəda edərək şəhidlik zirvəsinə çatan oğulların məzarı nurla dolsun, məkanı cənnət olsun!
Vətənin məğrur oğlu Qaryağdı! Səni heç zaman unutmayacağıq. Ona görə ki, sənin adın əbədi olaraq ürəyimizə yazılıb! Şəhidlər heç zaman ölmür.
Allah qəni-qəni rəhmət eləsin sənə ANA VƏTƏNimizin igid oğlu Qaryağdı!
Belə bir fikir var… ŞƏHİDLƏR ÖLMƏZ! VƏTƏN BÖLÜNMƏZ!
Xatirə RƏHİMLİ,
Şair-jurnalist
11 avqust 2015-ci il