nermin

Kiçik uşaqlar irqi ayrı seçkiliyi, dinindən, millətindən, mədəniyyətindən asılı olaraq insanları fərqləndirməyi, insanlara zülm etməyi bilmirlər.

Nifrətin yayılmasının səbəbləri nədir? Nifrəti necə sevgiyə çevirmək olar?

Bütün insanlar sevgini bilərək dünyaya göz açırlar. Kiçik uşaqlar irqi ayrı seçkiliyi, dinindən, millətindən, mədəniyyətindən asılı olaraq insanları fərqləndirməyi, insanlara zülm etməyi bilmirlər. Çünki hər insan dünyaya gələrkən Allah`ın ona verdiyi ruhla doğulur, ruha da insanın fitrətinə uyğun olaraq sevgi hakimdir. İnsanlar nifrəti, kini, həmçinin irqinə, dininə, dilinə və fikrinə görə bir-biri ilə düşmənlik etməyi sonradan öyrənirlər.

İnsanlara nifrəti öyrədən və dünyadakı insanların əksəriyyətinin sıxıntılı olmasının səbəbi şeytandır. Şeytanın təlqinləri nəticəsində insanların əksəriyyəti sevgi ruhunun əksinə nifrət ruhunda olmağı seçmiş, asan olan sevgiyə deyil, çətin olan nifrətə üstünlük vermişlər. Fitrəti sevgi üzərində olduğu halda, buna zidd olanı seçərək düşmən qazanmış, problemləri həll etmək əvəzinə, daim şikayət edərək zülm sistemi əmələ gətirmişlər. Bu zülm sisteminin içində insanların rahat və xoşbəxt yaşaması isə mümkün deyil.

Bəs necə olur ki, ruh insan fitrətinə uyğun olaraq sevgiyə meyilli olduğu halda, nifrət bu qədər asanlıqla ruhlara hakim olmuşdur? Qurana baxdığımız zaman bunun səbəbini asanlıqla görmək mümkündür. Ayədə şeytanın Allah`a qarşı üsyanı və vədi bu şəkildə xəbər verilir:

… Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam. (Əraf surəsi, 16)

Lakin qəlbi kin və nifrətlə dolu olan insanlar bu ruhi hallarını dəyişdirmədikləri müddət ərzində sıxıntı və bədbəxtlikdən qurtula bilməzlər. Allah`ın bəyənmədiyi bu əxlaqda davam edən, həqiqi imanı yaşamaq istəməyən bu insanlar axirətdə də bu sıxıntılı həyata davam edərlər. Çünki dünyada ikən sevgini, mərhəməti, səmimiyyəti, təvazökarlığı yaşamayan, ikiüzlülüyü, səmimiyyətsizliyi, üsyanı normal həyat tərzinə çevirən insanlar axirətdə də buna uyğun qarşılıq görəcəklər.

Dünyada daim müharibədən, zülmdən bəhs edənlər bu sevgisiz, mərhəmətsiz əxlaqın hələ dünyada ikən özlərinə yaşatdığı əzabın axirətdə də sonsuz əzaba çevriləcəyini bilməlidirlər. Bu əxlaq bu şəxslərin dünya həyatında heç kimlə dost ola bilməməsinə, sevilməməsinə, bu nemətlərdən məhrum qalmasına və Cəhənnəm əzabını yaşamasına səbəb olur. Allah dilərsə, eyni narahat mühiti bu şəxslər üçün sonsuza qədər yarada bilər. Çünki Quranda Cəhənnəm əhlinin də bir-biri ilə davamlı mübahisə etdiyi, od əzabı ilə yanaşı bir də bu narahat mühitin gətirdiyi mənəvi əzabı da yaşadığı bildirilir:

“Şübhəsiz ki, od sakinlərinin bir-biri ilə höcətləşməsi bir həqiqətdir”. (Sad surəsi, 64)

Bu nifrət ruhunun səbəb olduğu müharibələrə də kifayət qədər pul xərclənir. Halbuki dünyaya sevgi hakim olsa, müharibələrə xərclənən bu pullar daha faydalı sahələrə xərclənə bilər. Məsələn, 11 sentyabr hadisələrindən sonra Amerikanın Əfqanıstana əsgər göndərərək başlatdığı müharibəyə rəsmi məlumatlara əsasən, 1,7 trilyon dollar pul xərclədiyi bildirilmişdir. Halbuki bu, bütün dünyadakı aclığı 14 il müddətində aradan qaldırmağa kifayət edəcək məbləğdir.

Nifrəti sevgiyə çevirməyin tək yolu isə gözəl əxlaqın bütün dünyada yayılmasına vəsilə olmaqdır. Bunun üçün Quran əxlaqını yaşamaq lazımdır. Belə ki, Quran bizə səbirli olmağı, fədakarlığı, təvazökarlığı, vəfanı, sədaqəti, bağışlamağı tövsiyə edir. İnsanların əksəriyyətinin nifrəti təşviq etməsi sevginin hakim olmasına mane olmamalıdır. Sevgi tərəfdarı insan hər zaman Allah`ın köməkçisidir. Sevgini yaşayan və yaşadan hər insana isə Allah dünyanı da, axirəti də gözəlləşdirəcəkdir.

Nərmin Kərimzadə