rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

NƏ DEYİM…

“Sonetlərim” – silsiləsindən

Qəlbim doluxsunmuş payız səması,
İncitək gilələr süzür yanaqdan.
İçimdə başlayıb dünya savaşı,
Ən incə hisslərim keçir sınaqdan.

Könül intizarda,gözümdə həsrət,
Gəl desən şimşəyə dönərəm hər an.
Kimi gözləyirəm,bilmirəm fəqət,
Ruh məni tərk edib qalıb quru can.

Bir ümid yaşatdım,hər an içimdə,
Gözlədim yolunu,güman içində
Gözlədim,gözlədim,gəlmədin yenə.
Xəyalın buraxmır heç tənha məni,
Unuda bilmirəm ən son kəlməni,
Nə deyim mən sənə,-üzü dönənə?

HARAYA ÜZ TUTUM İNDİ

“Könül dəftərim” – silsiləsindən

Bu necə qismətdir, bu necə yazı?
Eşqimə, sevgimə qaldım tamarzı.
Ötməmiş ömrümün baharı, yazı,
De, sənsiz haraya üz tutum indi?

Yenicə dəymişkən əlim-əlinə,
Yenicə dönmüşkən nazlı gəlinə,
Saratək atılib eşqin selinə,
De, sənsiz haraya üz tutum indi?

Eşq atəşin çatdıq, başacan yana,
Bir ömür boyunca hey alovlana.
Necə qıydın gülüm, əhdi-peymana?
De, sənsiz haraya üz tutum indi?

Bizi sevənlərə nə deyim indi?
Necə söyləyim ki, eşqindən döndü?
Sevməyən ha çox ki, hamı sevindi,
De, sənsiz haraya üz tutum indi?

Artıq seçəmmirəm ağdan-qaranı,
Sərgərdən gəzirəm dağı, aranı.
Bu üzüdönüklük, yaxdı Dövranı,
De, sənsiz haraya üz tutum indi?!