116

Xalq şairi, Əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatı laureatı

DİLIMƏ DƏYMƏ TƏBRİZİM

Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!

Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.

Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə,
İkiyə bölünməz saf bir ürəklə,
Təbrizim, Təbrizim, aman Təbrizim,
Yox olsun başından duman, Təbrizim!

Qədrini ayrılıq çəkənlər bilər,
Hicranda göz yaşı tökənlər bilər,
Ömrünə qaranlıq çökənlər bilər,
Bağından gül-çiçək dərdim, Təbrizim,
Yenə təzələndi dərdim, Təbrizim!

Nə qəşəngdir yol boyunca söyüdlər,
Söyüdlərin kölgəsində igidlər
Babalardan dinləyirlər öyüdlər,
Coşur damarlarda qanı, Təbrizim,
Yoxdur bu mərdlərin sanı, Təbrizim!

Ağlasan ağlaram, gülsən gülərəm,
Yaşasan yaşaram, ölsən ölərəm,
Varımı səninlə yarı bölərəm,
Gəl bir də üzündən öpüm, Təbrizim!
Başına gül-çiçək səpim, Təbrizim!

Nədir o, mənalı, dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?
Yetimtək boynunu burma, Təbrizim!
Məlul-məlul baxıb durma, Təbrizim!

Sənin çiçəyinə, gülünə qurban!
Mənə qardaş deyən dilinə qurban!
Vətəninə qurban, elinə qurban!
Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!

DİLİMƏ DƏYMƏ

Mən sənin dilinə dəymirəm, cəllad,
Gəl sən də bu ana dilimə dəymə!
Sənin də bağın var, gülün var, çəkin,
Bağımda əkdiyim gülümə dəymə!

Həsədlərlə baxdın çəmənimə sən,
Gör bir nələr etdin vətənimə sən,
Yan – deyib, od vurdun bədənimə sən,
Altında atəş var, külümə dəymə!

Mən ağa ağ dedim, qaraya qara,
Sən məni istədin çəkəsən dara,
Yenicə sağalır vurduğun yara,
Mənim bu yaralı könlümə dəymə!

ANAM DİLLİ QARDAŞIM

Dinlə qan qardaşını, qabar əlli qardaşım
Mən sözlü, mən arzulu, mən könüllü qardaşım,
Görürəm ki, qanından rəng alıbdır dan yeri,
Dərdli, qəmli kamanı ürək telli qardaşım.

Azadlıq günəşindən can gəlsin torpağına,
Təbrizli, savalanlı, ərdəbilli qardaşım.
Uzun illər kilidli dilin açıldı artıq,
Doğma anam laylalı, anam dilli qardaşım!

YAD GÜL DƏRƏ BİLMƏZ

Yad gül dərə bilməz çəmənimdən,
Heç qüvvə ayırmaz məni bir an
Öz doğma elimdən, Vətənimdən.

Hər yerdə günəşdir mənə bayraq
Baş əymərəm aləm yağı olsa,
Qan axsa da sel tək bədənimdən.

Ölsəm qalacaqdır əməlim sağ,
Düşmən mənə əl vursa, əminəm,
Atəş açılacaqdır kəfənimdən.

Heç qüvvə ayırmaz məni bir an
Öz doğma elimdən, Vətənimdən.

YASİN ƏVƏZİNƏ

Ürəyimin yaxınları, eşidin,
Diləyimin yaxınları, eşidin:
İllər yaman artırır bu yaşımı.
Ya tez, ya gec yerə qoysam başımı,
Nə ağlayın, nə də fəryad qoparın,
Vədinizə əməl edin, nəhayət,
Məni Araz sahilinə aparın.
İllərdir ki, qəlbimdədir bu həsrət.
Məzarımı o torpaqda qazdırın,
Göz yaşımdan yaratmışam bu çayı.
Məni üzü Təbriz sarı basdırın,
Qibləm olsun Arazımın o tayı,
Ancaq, yalnız bircə bunu etməyin,
Gözlərimin qapağını örtməyin.
Üfüqlərdən çəkilərkən sis, duman,
Bəlkə bir də qara torpaq altından –
Vüsal günü qardaşımı görüm mən.
Qardaşımı, sirdaşımı görüm mən.
Mənim əzizlərim, mənim dostlarım,
Elə bilməyin ki, köçüb gedirəm.
Yarıya çatıbdır ömür baharım,
Bir də xahişimi təkrar edirəm:
Vaxtında dünyadan köçdüyüm gündə,
Tutsun tabutumdan o taylı əllər.
Yasin əvəzinə qəbrim üstündə,
Bir vüsal mahnısı oxusun ellər!

BURAX!

Söyləmə: “Gəl səni qəfəsə salım,
Yanıb külə dönsün vətənin nəşi!”
Burax boğazımı, qoy nəfəs alım,
Tutma gözlərimi, görüm günəşi!

Sən kəsə bilməzsən mənim dilimi,
Dilimin rişəsi ürəyimdədir.
Dostunam, söyləyib sıxma əlimi,
Gözün məndə deyil, çörəyimdədir.

LAYLA

Bir komada balasına layla çalır bir ana,
Dərdlərini sanki bir-bir yada salır bir ana.
Bu laylada sakit axan bulaqların səsi var,
Bahar çağı pıçıldaşan yarpaqların səsi var.
Bu laylanı uzaqdan
Ürəyimin qulağıyla eşidirəm bayaqdan.
Bir igidin balasıdır bu körpə,
Bir şəhidin balasıdır bu körpə.
Yaxşı fikir verirəm,
Mən tanışam bu laylanın hər sözüylə
Təbrizdəki o daxmada beşiyi də görürəm,
Qana dönmüş ürəyimin gözüylə.
Bu laylanın hər səsində
Sanıram ki, mənə doğma bir mahnının sətri var.
Bu laylanın nəfəsində
Tarlaların, meşələrin, çəmənlərin ətri var.
Ehtiyac yox suala,
İnanın ki, bu layla
İgidlərin adını,
Şəhidlərin adını
Gizlinə
Körpəciyin qulağına pıçıldayır hər gecə.
Bu laylada bir xalqın, bir vətənin
Qövr eləyən yaraları göynəyir.
Çiçəyinə qan çilənmiş çəmənin
Bülbülləri qəm yeyir.
Mürgüləyən körpənin gülümsəyir gözləri,
Nəsə deyir gözləri.
Eşitsin ana Vətən,
Bilirəm bu sirri mən:
Körpə sabah öz əliylə,
Xalqın böyük əməliylə
Quracağı dünyasından razıdır,
Anasının laylasından razıdır!

MÜCAHİDLƏR MAHNISI

Biz gedirik azadlıqçün döyüşə,
Sinələri dağlamayın, analar!
Şəhid olsaq yaşarmasın gözünüz,
Başa qara bağlamayın, analar!

Bir vaxt deyib-gülənlərin yasını,
Düşmən bağrı dələnlərin yasını,
Bu günlərçün ölənlərin yasını
Uzun illər saxlamayın, analar!

Unudulmaz azadlıqçün ölənlər,
Bizi anar bizdən sonra gələnlər
Bizim kimi el qədrini bilənlər,
Ağlamayın, ağlamayın, analar!

TƏBRİZLİ ANALAR

Mən təbrizli analara bələdəm,
Fəxrimdir bu əziz, qoçaq analar.
Körpəsinin beşiyinin başında,
Sübhə qədər qalar oyaq analar.

Məhəbbəti çiçəklənər ilk gündən,
Zərrə bezməz öz analıq yükündən.
Balasına namərdliyi kökündən
Saf südüylə edər yasaq, analar.

Hər kəlməsi, hər sözü gül qoxuyar,
Laylasını diləklərdən toxuyar.
Ürəklərdən keçənləri oxuyar
Kitab kimi varaq-varaq, analar.

Xata çıxsa övladının əlindən.
İnsanlara ziyan dəysə dilindən,
Üz döndərsə vətənindən, elindən
Kandarına basmaz ayaq, analar.

Ta əzəldən dar günündə ellərin,
Qarşısına sinə gərər sellərin.
Nəfəsini kəsər qara yellərin,
Dayaqlara olar dayaq, analar.

Qan axarkən Təbrizdə su yerinə,
Döyüşlərdə ürək verər ərinə.
Nalə çəkib, şəhidlərin qəbrinə
Güllər səpər qucaq-qucaq, analar!