Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
S Ə N S Ə N
Könül dəftərimdən
Sənsən mənim ömrüm, günüm, həyatım,
Sənsən mənim şan-şöhrətim, büsatım.
Sənsən nəğməm,qoşmam,qəzəl, bayatım,
Sevə-sevə xəyalına daldığım,
Illər boyu həsrətiylə yandığım.
Sənsən sevən ürəyimin parası,
Sənsən görən gözlərimin qarası.
Sənsən bütün dərdlərimin çarası,
Gecə-gündüz şəfa umub, andığım,
Illər boyu həsrətiylə yandığım.
Sənsən mənim saf eşqimi süsləyən,
Sənsən məni ümidlərlə bəsləyən.
Sənsən məni sabahlara səsləyən,
Ey şəfqətli, nurlu, mələk sandığım,
Illər boyu həsrətiylə yandığım.
Sənsən sair Dövranın təbb, ilhamı,
Sənsən onun xoş hicranı, həm kamı.
Səni mənə yaraşdırır el, hamı,
Eşq atəşin sevgisindən aldiğım,
Illər boyu həsrətiylə yandığım.
XOŞ XATİRƏLƏR
“Könül dəftərim” – silsiləsindən. Nərbənd-2
Yenə qanadlandı xatirələrim,
Xəyalım dördnalla o kəndə çapdı.
Aybəniz,şirindil,vəfalı pərim,
Nərbənd dibindəki O,gənci tapdı.
Sınayıb nərbəndin iradəsini,
Gövdədə qazmışdıq öz adımızı.
Cahilcə oyaraq nər sinəsini,
Ona tapşırmışdıq pak sevdamızı.
Sevdalı günlərdən titrək xatirə…
-Baxışdan,cilvədən oynardı ağıl.
Kaş xəyal hər zaman ora götürə,
Hər anı,məqamı sehirli nağıl.
Tutardıq əl-ələ,donardı zaman,
Baxışlar deyərdi ürək sözlərin.
Kipriklər ox idi,qaşlarsa kaman,
Keşiyin çəkərdi xumar gözlərin…
Xəyallar kövrəltdi,göynətdi məni,
Gözümdən incilər,dürrlər ələndi.
Üşütdü qəlbimi saçımın dəni,
Ruhum da,canım da qəmə bələndi.
Beləcə keçmişdi saysız görüşlər,
Qoca nərbənd şahid o əhd, ilqara.
Fələyin hökmüylə tərs döndü işlər,
Atıldıq zər kimi gör hardan-hara…
Yenə qanadlandı xatirələrim,
Xəyalım dördnalla o kəndə çapdı.
Aybəniz,şirindil,vəfalı pərim.
Nərbənd dibindəki O,gənci tapdı…