Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
BOYNUNU BÜKMƏ
Sən kədərli olanda bənövşələr üşüyür,
Günəş saralıb, solur, əsən mehlər töyşüyür,
Ruhum canımdan küsür, ürəyimə xal düşür,
Gülüm, boynunu bükmə, sənə kədər yaraşmır.
Ana deyib ağlayan , körpə bir uşaq kimi,
Budağından ayrılan, yşıl bir yarpaq kimi,
Barını şaxta vuran, qəmli bir budaq kimi,
Gülüm, boynunu bükmə, sənə kədər yaraşmır.
Şehdə-suda islanan bir nazlı sümbül kimi,
Meh əsəndə titrəyən bir ətirli şeh kimi,
Ahı göyə ucalan, bir şeyda bülbül kimi,
Gülüm boynunu bükmə, sənə kədər yaraşmır.
Sən kədərli olanda qəlbim, gözüm ağlayır,
Duman tutur yolumu, çən gözümü bağlayır,
Həsrət odlu sinəmi çalın-çarpaz dağlarır,
Gülüm boynunu bükmə, sənə kədər yaraşmır.
DÜNYA
Hər çəkininin tərəzisi, daşı var,
Hər üzüyün qiyməti var, qaşı var
Şirinimə acı qatır naşılar,
Gözəlliyə nəğmə qoşa bilmirəm.
Vaxt ötdükcə məni oda salırsan,
Gah mənə dost, gah da yağı olursan,
Verdiyini hər gün geri alırsan,
Haqq işinə mən qarışa bilmirəm.
İşığını qaranlıqla boğursan,
Selə dönüb gözlərimdən axırsan,
Dərd gələndə söylə hara baxırsan,
Dərd-qəm ilə mən yarışa bilmirəm.
Niyə başa keçirirsən haqsızı,
Qar, yağışla sınayırsan sən yazı,
Aramızdan axıdırsan Arazı,
Bu hasarı vallah aşa bilmirəm.
Əziz Musa haqqı danmaz heç zaman,
Neyləsin ki, nahaqqındı bu meydan,
Ayaq açıb yeriyirsə şər, yalan,
Dünya, sənlə mən barışa bilmirəm.